10 Oktyabr 2019 14:08
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda xalasının ərini öldürməkdə təqsirli bilinən Laçın rayonunun Alxaslı kəndində anadan olmuş 1977-ci il təvəllüdlü Vüqar Hüseynovun cinayət işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Vüqar Hüseynov birlikdə ev təmiri ilə məşğul olduğu xalasının əri Muğan Şalikova 15 yanvar 2018-ci il tarixdə saat 10 radələrində zəng edib.

O, iş məsələsini müzakirə etmək məqsədilə Muğan Salikovla Saray qəsəbəsində “Qatar” kafesinin qarşısına görüş təyin edib. Həmin gün saat 11.00-da qeyd olunan ünvana gəlib. Ötən ilin sonunda yol qəzasında ölmüş qızının və nəvəsinin bir gün qabaq keçirilən qırx mərasiminə gəlməməsinin səbəbini Muğan Salikovdan soruşub.

Muğan Salikov ona belə cavab verib: “Gözümə sənin qızın-nəvən görünür? Cəhənnəm olsun yasın da, ölənin də...”

Vüqar Hüseynov kobud cavabdan əsəbiləşib. Onun sifətinə iki yumruq vurub.

Muğan Şalikov aldığı xəsarətlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilməsinə baxmayaraq yanvarın 17-də gecə saat 00.30-da vəfat edib.

Vüqar Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar Hüseynov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

O bildirib ki, ailəsinin 5 üzvünü itirib, 40 mərasiminə gəlməməyinin səbəbini Muğan Şalikovdan soruşub: “Muğan Salikov cavabında ölən qızımın və nəvəmin ünvanına nalayiq söyüşlər söydü. Mən də ona iki yumruq vurdum. Onun ölüm səbəbi başının yerə dəyməyidir. Onu öldürmək niyyətim olmayıb”.

Vüqar Hüseynov daha sonra ifadəsində qeyd edib: “İttiham aktında yazılıb ki, ailə üzvlərim rəhmətə gedən zaman guya Muğanla aramızda başqa şeylər olub. Halbuki heç bir hadisə olmayıb. 3 və 7 mərasimlərində yanımda olub, hadisədən əvvəl 11 və 12 yanvar tarixlərində görüşmüşük. Onunla görüşəndə məndən iş olub-olmadığını soruşdu. Mən də ayın 15 tarixində iş olacağını bildirdim.

Yanvarın 15-də görüşəndə hüzr mərasimində olmamasının səbəbini soruşdum, işlətdiyi sözlərə görə onu vurdum. Onun elə ifadə işlətdiyinin səbəbini bilmədim. Həmin hadisəyə qədər aramızda heç bir küskünlük olmayıb. Xalamın yoldaşlarının arasında ən mehribanı Muğan olub. Onun ölməyini istəməmişəm. Ölümə səbəb başının yerə dəyməsidir”.

Vüqar Hüseynovun sözlərinə görə, hadisə baş verəndən sonra orada Muğan Salikova kömək eləyib: “Onu xəstəxanaya apardım, reanimasiya şöbəsinə qaldırdım. Sonra rentgen elətdirdim və Bakının Əhmədli qəsəbəsində Fuad həkimə apardım. Avrasiya klinikasında türk həkiminə göstərdim. Əməliyyat elətdirmək istəsək də, oğlu icazə vermədi. Həkimdən 100 faiz təminat istədi. Həkim təminat vermədiyinə görə oğlu razı olmadı. Rəhmətə gedəndən sonra özüm polisə təslim oldum”.

İstintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Şalikov ifadəsində göstərib ki, atasını Vüqar Hüseynov qəsdən öldürüb: “Vüqar atamı başından vurub. Vüqarın övladlarının yas mərasimində atamı hədələdiyini bilmişəm. Həkimlər atamın beyin fəaliyyətinin yox səviyyəsində olduğunu bildirdilər. Hadisə baş verəndən sonra Vüqar bizə heç bir kömək etmədi. Şikayətlərimin geri götürülməsi üçün bizi hədələdi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Vüqar Hüseynov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəllənin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş edib.

Vüqar Hüseynovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Şikayət təmin olunmayıb.

Vüqar Hüseynov 2015-ci ilin iyulunda Saray bələdiyyəsinin sədri 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənovu qətlə yetirən Fədail Hüseynovun qardaşıdır.

Fədail Hüseynov bələdiyyə sədri və onun ərini yaşadıqları evdə boğazlarını kəsərək öldürüb.

Vüqar Hüseynovun da ifadəsinin alınması üçün həmin dövrdə Abşeron rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılıb.

Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri Vəsilə Əbilhəsənovanın yaxın adamları kimi tanınıb.

Hadisə zamanı Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb.

Bildirilir ki, Vəsilə Əbilhəsənova Muğan Şalikovla yaxın qohumluq əlaqələri olub. Muğan Şalikovun da 2015-ci ildən Hüseynov qardaşları ilə ədavəti yaranıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bələdiyyə sədri və onun ərinin qatili Fədail Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Saray qəsəbəsində Vüqar Hüseynov “Kürd Vüqar” ləqəbi ilə tanınıb.


Müəllif: Hacı Zeynalov