10 Oktyabr 2019 14:43
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və onunla birlikdə ittiham olunan sabiq müstəntiq Misir Əmirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Vüqar Poladov ifadə verib.

Vüqar Poladovun ifadəsi qapalı prosesdə alınıb. Prosesin qapalı keçirilməsi təqsirləndirilən şəxsin biznes məlumatları səsləndirməsi ilə əlaqədar olub.

Qapalı iclasda sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses oktyabrın 16-da davam edəcək.

Vüqar Poladov və Misir Əmirov Cinayət Məcəlləsinin 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham elan edilirlər.


Müəllif: Hacı Zeynalov