10 Oktyabr 16:50

Azərbaycanda kibercinayətkarlıq yolu ilə bank hesablarından pul oğurlamaqda təqsirləndirilən Rusiya vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror hər iki təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra çıxış edən iş üzrə zərərçəkmiş kimi tanınan "Ekspress Bank"ın nümayəndəsi 81 min manatın, "AzərTürkBank"ın nümayəndəsi 341 min manatın, "Azəri-Qaz-Bank"ın nümayəndəsi isə 141 min manatın banka ödənilməsini istəyiblər.

Vəkillər çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Növbəti proses oktyabrın 17-də davam edəcək.

Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının ötən ilin mayında yaydıqları birgə məlumata əsasən, 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

Qeyd olunan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulmuş, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviçin barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov