11 Oktyabr 2019 11:40
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsərək öldürmədə ittiham olunan 1980-ci il təvəllüdlü Faiq İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin olunub.

İttihama görə, hadisə bu ilin iyulun 10-da Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib.

Mübahisə nəticəsində Faiq İbrahimov üzərində gətirdiyi bıçaqla Xavər İbrahimovanın boğazını kəsib.

Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Faiq İbrahimov könüllü olaraq polis bölməsinə gedərək hadisəni etiraf edib.

İlkin dindirilməsi zamanı saxlanılan şəxs son zamanlar onu qısqandığını etiraf edib.

İstintaq orqanı tərəfindən Faiq İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov