12 Oktyabr 2019 22:16
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada sifarişli qətl törətməkdə təqsirli bilinən Murad Məmmədov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Murad Məmmədov bəraət hökmü çıxarılmasını istəyib.

Onun şikayəti Bakı Apelyasiya Məhkəməsinə göndərilib və hakim Namiq Məmmədovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası oktyabrın 14-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Murad Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam ödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə də ittiham olunur.

O, 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

Qeyd edək ki, Murad Məmmədov Ağdam rayonunun Salahlı kəndində anadan olub.

Qeyri-rəsmi məlumatlara görə, Murad Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı Murad Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib.

Zamin İsayev bu iş üçün Əlibala Əliyev və Kamal Qurbanovla əlbir olub.

Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Əlibala Əliyev yanlışlıqla başqa adamı öldürüb.

Bir neçə ay sonra Zamin İsayev özü Murad Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.

Məlumata görə, “Ağdam bandası”nın başçısı hesab olunan Murad Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub.

Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin rəhbərinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsi hökm qəbul edən zaman Murad Məmmədovu Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 217.1-ci (təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə) maddələri ilə təqsirli bilib.


Müəllif: Hacı Zeynalov