12 Oktyabr 2019 17:00
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda ittiham olunan 52 yaşlı Qəyyub Qəhrəmanovun cinayət işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qəyyub Qəhrəmanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Qəyyub Qəhrəmanov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, daha sonra isə apelyasiya şikayətinin dəlilləri müəyyən olunub.

Məhkəmə baxışı oktyabrın 24-nə təyin olunub.

İstintaq orqanı tərəfindən Qəyyub Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 195.2-ci (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) maddəsi ilə ittiham elan edilib.

Azərbaycan hüquq-mühafizə orqanları Qəyyub Qəhrəmanovun barəsində 2015-ci ildə İnterpol xətti ilə dövlətlər arası axtarışa verib.

Bu il o, həbs edilib.


Müəllif: Hacı Zeynalov