15 Oktyabr 2019 13:52
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Sumqayıtda qəza törədib qaçan sürücü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, oktyabrın 13-də, saat 21 radələrində Sumqayıt şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada 1972-ci il təvəllüdlü Hüseynov Kamil Niftalı oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilən, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Mitsubishi Pajero” markalı 90 BS 953 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Dadaşov Sahib Nizam oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən, o, oktyabrın 14-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov