16 Oktyabr 2019 14:15
2 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda toy mərasimində qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Qurban Qurbanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, o, 4 sentyabr 2018-ci ildə qonşusu İlkin Həsənlinin Ağcabədi şəhərindəki “Qızıl Saray” şadlıq evində keçirilən toy məclisində iştirak edib.

Qurban Qurbanzadə həmin məclisdə onunla eyni stolun baş tərəfində əyləşmiş qonşusu Zaur Sadıqova arxasını çevirərək əyləşməsini irad tutub. Zaur Sadıqov isə ona etiraz edib, deyib ki, arxa çevirərək oturmağın hörmətsizlik olması harada yazılıb...

Bundan əsəbiləşən Qurban Qurbanzadə masanın üzərində iç-içə qoyulmuş boşqabları Zaur Sadıqovun başına vurub. Daha sonra bıçaqla onun döş və qarın nahiyəsinə zərbələr endirib. Zaur Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Qurban Qurbanzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban Qurbanzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Qurban Qurbanzadə apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Qurban Qurbanzadənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qurban Qurbanzadənin apelyasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov