17 Oktyabr 2019 14:07
1 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda arvadına işgəncə verməkdə, onu intihar həddinə çatdırmaqda ittiham olunan 1989-cu il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Emin Quliyev arvadı Nərgiz Quliyeva ilə mütəmadi olaraq səbəbsiz yerə mübahisə edib, onu söyüb və təhqir edib.

2012-ci ilin avqustun sonlarında Tərtər rayonu Mamırlı kəndində yaşadıqları evin həyətində Nərgiz Quliyevanı təhqir edərək döyüb, 2014-cü ilin oktyabrın ortalarında və 2015-ci ilin iyununda isə ağac parçası ilə döyüb.

Emin Quliyev 2017-ci ilin mayın əvvəllərində arvadını yumruq və təpiklə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Əri tərəfindən amansızlıqla döyülən Nərgiz Quliyeva boşanmaq məqsədi ilə dəfələrlə atası İsmayıl İsmayılovun evinə getsə də, iki azyaşlı uşaqlarının olması və ailə üzvlərinin kənd arasında ərindən boşanmasına pis baxılacağını düşünmələri ilə əlaqədar yenidən əri evinə qayıdıb.

Ukraynalı sevgilisi aranı qarışdırdı

Lakin Emin Quliyev onunla amansız rəftarına davam etdirib. O, 2018-ci ilin yanvarın əvvəllərində Nərgiz Quliyeva ilə yenidən səbəbsiz yerə mübahisə edərək onun kürək nahiyəsindən təpiklə vurub.

Həmin vaxt Nərgiz Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yanvarın 26-da Emin Quliyev əvvəllər evli olduğu və 2011-ci ildə boşadığı Ukrayna Respublikasında yaşayan qadına zəng edib.

Bundan sonra Nərgiz Quliyeva həmin qadına mesaj yazıb. Buna görə də ər-arvad arasında mübahisə yaranıb. Emin Quliyev yenə də Nərgizin və yaxın qohumlarının ünvanına nalayiq söyüşlər söyüb, onu təhqir edib.

Əməkhaqqı kartını əlindən aldı, sonra...

Emin Quliyev ardıcıl hərəkətləri ilə 15 sentyabr 2017-ci ildən etibarən Tərtər rayonunun Mamırlı kənd məktəbində laborant işləyən Nərgiz Quliyevanın əməkhaqqı kartını ələ keçirərək, onun aylıq əmək haqqısının özü əldə edib. Bu səbəbdən o, arvadını maddi cəhətdən tam asılı vəziyyətə salıb.

Nərgiz Quliyeva əri tərəfindən mütəmadi olaraq döyülərək təhqir olunması nəticəsində yanvarın 27-da, saat 16 radələrində evdə heç kimin olmadığı vaxtda özünü Tərtər rayonu Mamırlı kəndində yaşadığı evin həyətindəki tövlənin giriş qapısından şərflə asaraq öldürüb.

İstintaq orqanı tərəfindən Emin Quliyev barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

“Anna mənim soyadımı götürdü”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2012-ci ilin iyununda Nərgiz Quliyeva ilə evlənib, birgə nikahdan 2013-cü ildə oğlu və 2015-ci ildə qızı anadan olub: “Nərgizlə ailə qurmamışdan əvvəl 2007-ci ildən Ukraynada yaşamışam. 2007-ci ilin sonlarında orada Anna Nikolayeva adlı qadınla yaşamışam. 2011-ci ildə Anna hamilə qaldı və onunla evləndim.

Evləndikdən sonra mənim soyadımı götürdü və Anna Quliyeva adını aldı.

Anna Quliyevadan doğulmuş uşağının 6 ayı olarkən, təxminən 2012-ci ildə Tərtərə qayıtdım. Ukraynada olan uşağımın adı Murad Quliyevdir”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Tərtər rayonuna qayıtdıqdan sonra dəfələrlə Ukraynaya getmək üçün sənədlərini istəyib: “Valideynlərim buna icazə vermədi və rayonda evlənməyimi istədilər. Nərgiz Quliyeva ilə 2012-ci ildə evləndim. Biz evlənərkən Nərgiz və anası Mətanətin mənim əvvəllər Ukraynada evli olmağımdan xəbərləri olub. Ukraynadan gəldikdən sonra Anna birtərəfli ərizə verərək məndən boşandı, aliment üçün Ukraynada məni məhkəməyə verdi. Evli olduğum dövrdə Anna ilə əlaqə saxlamadım. Lakin tələb etdiyi üçün Annaya 2017-ci ilin 14 noyabr tarixdə Ukraynadakı uşağının adına bank vasitəsilə 204 manat məbləğində pul göndərdim”.

“Annanın nömrəsini telefonumdan silmədim”

Emin Quliyev qeyd edib ki, Ukraynadakı uşağına pul göndərməsindən Nərgizin xəbəri olmayıb: “Sonralar Anna yaşadığım yer üzrə məhkəmədə mənim valideynlik hüququndan məhrum edilməmlə bağlı iddia qaldırdı və həmin iddianı qəbul etdim.

2018-ci ildə 26 yanvara keçən gecə Annaya zəng etdim. Həmin vaxt onunla və uşağımla danışdım. Səhvən Annanın mobil nömrəsini telefonumdan silmədim”.

Emin Quliyevin sözlərinə görə, yanvarın 26-da axşam saatlarında yatdığı vaxt Nərgiz telefonda Annanın nömrəsini görüb və ona mesaj yazıb: “Yuxudan durduqdan sonra Nərgizin Annaya telefonla mesaj yazması səbəbindən onunla mübahisə etdim. Aramızda olan mübahisələr Nərgizin qısqanclığı səbəbindən olub. Ailəli olduğumuz dövrdə yoldaşımla aramızda hər bir ailədə olduğu kimi xırda mübahisələr olub. Lakin Nərgizi heç vaxt döyməmişəm”.

“Nərgizin özünü öldürdüyünü öyrəndim”

Emin Quliyev qeyd edib ki, yanvarın 27-də, saat 7 radələrində anası Aidə və həyat yoldaşı Nərgiz məktəbdə işlədiyindən qaynanası Mətanət uşaqlara baxmaq üçün onların evinə gəlib: “Qaynanam 08.15-də evə gəldiyi zaman Nərgiz və anam Aidə Tərtər rayonunun Mamırlı kənd məktəbinə getmişdilər. Nərgiz 2017-ci ilin sentyabrından Mamırlı kənd məktəbində laborant işləməyə başlamışdı. Yanvarın 27-də tezdən həyətdə evə girdim. Həmin vaxt evdə qaynanam Mətanət və 2 uşağı var idi. Nərgiz işə getdiyindən Mətanət iş günü vaxtı həmişə bizə gəlib, uşaqları saxlayırdı.

Həmin gün anamın qohumu Ülfan və atamın qohumu Təbrizlə birlikdə Bakı şəhərində digər qohumlarımız Zülfüqarın ayağı kəsildiyi üçün ona baş çəkmək üçün paytaxta getdik. Bakı şəhərində olarkən saat 15.51-də Nərgizin istifadə etdiyi telefon nömrəsindən mənə zəng gəldi. Zülfüqarın evində yemək yediyimdən telefonla danışa bilmədim, telefona məşğul verdim. Aramızda hər hansı danışıq olmayıb. Saat 16:55-də atamdan zəng gəldi. Atam bildirdi ki, tez gəl evə, deyirlər, Nərgiz özünü asıb. Həmin vaxt Təbrizlə birlikdə Bakı şəhərindən yola çıxdıq və saat 23 radələrində Tərtər rayonuna çatdıq.

Nərgizin özünü yaşadığımız həyətdə olan tövlənin qarşısında asaraq öldürdüyünü öyrəndim”.

“Heç bir çətinliyimiz yox idi”

Emin Quliyev bildirib ki, valideynləri ilə birlikdə yaşayıb: “Atam təmir emalatxanasında, anam müəllim işləməklə evə qazanc gətiriblər. Özüm də “Qazel” markalı yük avtomobili idarə etməklə ailəmi dolandırmışam. Ailədə yaşayanların, həmçinin Nərgizin heç bir çətinliyi olmayıb. Nərgiz işləmək istədiyindən anam onu kənd məktəbinə laborant işinə düzəltmişdi.

Nərgiz keçən 2017-ci ilin sentyabrın 15-dən hər gün anamla məktəbə gedib, günün ikinci yarısında evə qayıdıb. Evdə qalan 2 uşağa qaynanam baxıb. Nərgiz işlədiyi məktəbdən maaşını alıb, özünə və ailəyə xərcləyib. Heç vaxt onun əmək haqqını almamışam. Maaş kartını bankdan dekabr ayında alıb, pulu anamla birlikdə bankomatdan çıxarıblar”.

“Bu səbəbdən intihar edəcəyini düşünməmişəm”

Emin Quliyev deyib ki, Nərgizlə olan nikahdan iki uşaqları qalıb: “Uşağın biri qayınanam Mətanətin evində, digəri isə özümün yanımda yaşayır. İntiharda mənim heç bir təqsirim yoxdur. Evli olduğumuz dövrdə onu döyməmişəm, onunla amansız rəftar etməmişəm. Nərgiz mənim Ukraynada olan ailəmə görə qısqanclıq edib və bu səbəbdən intihar edib. Heç vaxt Nərgizin bu səbəbdən intihar edəcəyini düşünməmişəm”.

Tərtər rayon Məhkəməsinin hökmü ilə Emin Quliyevin ittiham olunduğu əməl sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror bəraət hökmünün ləğv edilməsini, ittihamedici hökmün çıxarılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunmayıb. Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan iclasda kasasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov