17 Oktyabr 17:31

Bakıda oğurluq etməkdə təqsirləndirilən Aslan Qasımov, Elnur Aslanov, İmamverdi Həsənov, Sahib Həsənbəyliyə və Familə Vəliyevayanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənovun hər biri 7 il, Familə Vəliyeva 5 il, Sahib Həsənbəyli 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Xətai rayon Polis İdarəsinə müraciət edən şəxs fərdi yaşayış evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.

Cinayəti törətməkdə təqsirləndirilən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunan - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

Daha sonra dəstənin digər üzvü olan Familə Vəliyeva saxlanılıb.

Zərərçəkmiş Şəhla Hüseynova məhkəmədə bildirib ki, evindən 374 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. O deyib ki, təqsirləndirilən Familə Vəliyeva vaxtilə onun evində işləyib, etibarını qazanıb, sonra da belə bir iş görüb.

Cinayət işinin materiallarında da iddia olunur ki, Familə digər dörd nəfərə Ş.Hüseynovanın evinin harada yerləşməsi, mənzildəki pul və qızıllar barədə məlumat verib, onları yönləndirib.

Təqsirləndirilən Familə Vəliyeva isə ittihamı qəbul etməyib. O bildirib ki, Ş.Hüseynova ilə şərikli obyekti var və qadın onu həbs etditmək istəyir.

Təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli-miqdarda oğurluqda təqsirlıi biliniblər.

Qeyd dək ki, zərərçəkmiş şəxs 40 saylı notariat kontorunun rəhbəridir.


Müəllif: Hacı Zeynalov