21 Oktyabr 14:02
293

Quba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunaraq həbs edilən gəlinin əri Şahmar Əsədov, gəlinin atası Sadiq Dadaşov, onun qohumları Zabit Yolçuyev, Mətləb Muradov, Pərviz Əsədov və Nazim Mikayılovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Zabit Yolçuyevin vəkili vəsatət verib. O, müdafiə etdiyi şəxsin ev dustaqlığında buraxılmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses oktyabrın 29-da davam edəcək.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Quba rayon sakini Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqancliq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb.

Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

Cinayəti törədən şəxslər polis və prokurorluq əməkdaşları tərəfindən yaxalanıb.


Müəllif: Hacı Zeynalov