24 Oktyabr 2019 12:04
3 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda əmisinin qətlində ittiham olunan 1996-cı il təvəllüdlü Saleh Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2018-ci ilin sentyabrın sonlarında Rusiyadan Saatlı rayonunun Azadkənd kəndinə qayıtmış Oqtay Əkbərov qardaşı oğlu Saleh Əkbərova ona sataşıb.

Çörək sənə yox, itə layiqdir...

Saleh Əkbərovun atasına məxsus evdə yaşayan Oqtay Əkbərov onun ünvanına mütəmadi olaraq nalayiq ifadələr işlədib, ona tez-tez “cındır” deyib.

Bir neçə dəfə Saleh Əkbərovun qoyun otardığı sahəyə yemək gətirən Oqtay Əkbərov onun əlindən çörəyi alaraq itə atıb. Qardaşı oğluna deyib ki, çörəyə layiq deyilsən, it səndən yaxşıdı, səndən ancaq çoban çıxar.

Daha sonra o, qardaşı oğluna bacıları Giləxanım Daşdəmirova və Sima Səmədovanın evlərinə gəlməsinə etiraz edib, onların ərlərini şəxsiyyətsiz adlandırıb. Habelə analığı Mələk Əkbərovanın pozğunluq etdiyini söyləyib, bacıları Giləxanım və Simanı ehtirasa gətirmək üçün onların burun və qulaqlarını sığalladığını, analığı Mələk Əkbərovaya, bibisi Amaliya Əzimovaya qarşı əxlaqsız hərəkətlər etmək niyyətində olduğunu bildirib.

Saleh Əkbərov 24 noyabr 2018-ci ildə qohumu Amin Pənahovla qoyun otararkən bibisi oğlu Rahil Sahiloğlu və Oqtay Əkbərovun birlikdə evdən gətirdikləri yeməyi yeyiblər.

Bu zaman Oqtay Əkbərov yenə də süfrədən onun qarşısındakı çörəyi götürüb və itə atıb, təkrar “it səndən yaxşıdı” deyib.

Oqtay Əkbərov davamlı təhqiramiz hərəkətlərdən bezərək əmisindən qisas almaq niyyəti ilə öldürmək qərarına qəlib.

“Cavanlıq” kafesində qonaqlıq

Bu məqsədlə Saleh Əkbərov həmin gün qohumu və həmkəndlisi Musa Amiloğlunun mobil telefonuna zəng vurub və dovşan ovuna getmək istədiyini deyib, saxlamaq üçün Musaya verdiyi ov tüfəngini və həmin silaha aid 4 patronu ondan götürüb.

Saleh Əkbərov tüfəngi atəşə hazır vəziyyətə gətirib, avtomobilin yük yerinə qoyub.

Sonra idarə etdiyi avtomobildə Rahil Sahiloğlu, Musa Amiloğlu və Amin Pənahovla birlikdə “Cavanlıq” kafesinə gedib, onlara həmin gecə Oqtay Əkbərovu öldürəcəyini deyib.

Tüfəngi əmisinə tuşladı

Saleh noyabrın 25-də gecə saat 00.30-da “Cavanlıq” kafesində onlarla yemək yeyib, spirtli içki içib. Bu vaxt Oqtay Əkbərov onun mobil telefonuna zəng edərək ünvanına nalayiq söyüşlər söyüb, kafedə olduğunu bilərək oraya gələcəyini deyib.

Saleh əmisinin kafeyə gələcəyini bilib, kafedən çıxıb, ov tüfəngini avtomaşının yük yerindən götürüb, avtomobilin qabaq oturacağın sol tərəfində yanına qoyub.

Daha sonra Rahil Sahiloğlu, Musa Amiloğlu və Amin Pənahovla birlikdə evləri istiqamətində yollanıb. Günəşli-Azadkənd avtomobil yolunda Oqtay Əkbərov özünün idarə etdiyi “BMW-750” markalı avtomaşınla əks istiqamətdə gələrək onları keçib. Sonra avtomobili geri döndərib və onların arxalarınca gəlib. O, avtomaşınını yolun kənarına sıxdığına görə Saleh Əkbərov avtomaşını saxlamalı olub.

Oqtay Əkbərov avtomobilin pəncərəsindən danışmaqla Saleh Əkbərovdan onun avtomobilinə əyləşməyini tələb edib. Saleh Əkbərov ov tüfəngini götürüb və ona atəş açmaq istəyib. Rahil Sahiloğlu əlindən tutaraq buna imkan verməyib.

Maşını əmisinin arxasınca sürüb, evlərinin yaxınlığında Oqtay Əkbərov avtomobili dayandırıb.

Avtomobildə qətl

Oqtay Əkbərov sükan arxasında avtomobilin qapı pəncərəsini aşağı endirib. Saleh Əkbərov əmisinə avtomobildə olan Musa Amiloğlunu və Amin Pənahovu evlərinə düşürüb, onunla evdə söhbət etmək istədyini deyib.

Lakin Oqtay Əkbərovun onun özü və mərhum anasının ünvanına yenə də nalayiq sözlərlə söydüyünə, telefonla digər şəxslə danışaraq “çaqqal gəlib söz atır, mən canavaram, çaqqallar başıma yığışıb” ifadələrini işlətməsindən bərk əsəbiləşib.

O, qəfil silahı avtomaşından götürüb, əmisinə atəş açıb. Oqtay Əkbərov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Saleh Əkbərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh Əkbərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

“Mənə göz verib, işıq vermirdi”

O bildirib ki, yeddi yaşı olanda anası vəfat edib, atasının himayəsində qalıb: “Sonralar atam Mələk adlı qadınla evləndi. Bundan sonra Saatlı rayonu Azadkənd kəndində atam Valeh və analığım Mələklə birlikdə yaşamaqla təsərrüfat işləri ilə məşğul olduq. Bacılarım Sima və Giləxanım isə ailə qurdular”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əmisi Oqtay Əkbərov Rusiyada yaşayıb, onun kənddə evi olmayıb: “Oqtay 20 sentyabr 2018-ci ildə Rusiyadan kəndə qayıdıb bizim evimizdə qaldı. O, evimizə gəldikdən sonra narahat adam olduğuna görə ov tüfəngimi saxlamaq üçün həmkəndlimiz Musa Amiloğluna verdim. Oqtay bizdə yaşadığı dövrdə daim mənə ilişir, məni söyür, nalayiq sözlərlə təhqir edirdi. Mənə göz verib, işıq vermirdi”.

Təqsirləndirilən şəxs bildirib ki, səhərlər mal-qaranı otlaq sahəsinə apararkən tezdən durmaq üçün telefonun zəngini qurub: “Hər gün səhər tezdən zəng çalanda Oqtay yerindən duraraq “küçük, cındır, səsini al mən yatmışam” deyə bağırırdı. Oqtay məndən bacılarımın bizə gəlməməsini tələb edirdi. Həmçinin yeznələrimi “cındır” adlandırdı. Analığım Mələyin və bacılarımın əxlaqsız olduğunu söyləyirdi.

Bir dəfə evə gələrkən həyətə Oqtayın əmim arvadı Amaliyanın üstünə yeridiyini, Amaliyanın arxa-arxaya getdiyini gördüm. Oqtay məni gördükdə dayandı, guya belə bir şey olmadığını bildirdi.

Oqtay evdən getdikdən sonra Amaliya onları evdə tək qoymamağı, Oqtayın “oğraş” olduğunu, hər şey edə biləcəyini və Oqtaydan qorxduqlarını bildirdi. Amaliyadan Oqtayın ona və evdə olan digər qadınlara qarşı nə etdiyini soruşmadım. Oqtayın hərəkətlərindən ailəmizdə olan qadınlara söz atdığını və onlara sataşmaq istədiyini başa düşdüm”.

“Qadınlar onun hərəkətlərini üzə çıxarmayıblar”

Saleh Əkbərov bildirib ki, Oqtayla evdə tək qalan kimi Mələk evin ikinci mərtəbəsinə çıxıb, qorxusundan qapını bağlayaraq orada yatırdı: “Mələk də mənə Oqtaydan qorxduğunu bildirirdi. Ancaq Oqtayın konkret olaraq Mələyə və Amaliyaya sataşmasını, onlara əl-qol atmasını görməmişəm. Mələk və Amaliya bu barədə heç bir şey deməyiblər. Ola bilsin ki, Oqtay onlara qarşı müəyyən hərəkətlər edib, lakin qadınlar pis hadisə baş verməməsi üçün onun hərəkətlərini üzə çıxarmayıblar”.

Təqsirləndirilən şəxs deyib ki, ailə üzvlərinə qarşı hərəkətləri Oqtay çox vaxt spirtli içki içəndə və narkotik qəbul edəndə edib: “Bir neçə dəfə Oqtay sahəyə yanıma çörək gətirib. Çörək yeyən zaman çörəyi əlimdən alaraq itə atıb, mənə çörəyə layiq olmadığımı, itin məndən yaxşı olduğunu və yalnız qoyun otarmağa yaradığımı bildirib. Oqtayın hərəkətləri məni bezdirmişdi. Artıq Oqtayın hərəkətləri dözülməz həddə çatmışdı və həmin hərəkətləri bir kişi kimi qəbul edə bilmədim”.

“Oqtayı öldürmək fikrinə düşdüm”

Saleh Əkbərovun sözlərinə görə, Oqtayın narkotik çəkməsinin şahidi olub, bir neçə dəfə ona da təklif etsə də, razılaşmayıb: “Oqtayın bəzən əlləri şiş olurdu, onun özünə iynə vurduğunu hiss etmişəm. Oqtay həmin hərəkətləri ilə yanaşı davakar adam idi. Evimizdə yaşaya-yaşaya analığıma, bacılarıma və əmim arvadına qarşı ehtiraslı, əxlaqsız, ailəyə yaraşmayan hərəkətlər etməsi, məni və atamı saymaması, mənə qarşı təhqiredici hərəkətlər etməsindən bezdim. Bu səbəbdən Oqtayla tez-tez mübahisələrim yarandı. O, məni və atamı öldürəcəyini dedi.

Atama Oqtayın hərəkətlərindən şikayətləndim. Atam isə Oqtayın qələt elədiyini, onun əmim olduğunu dedi. Ancaq atamın Oqtaya hər hansı söz deyib-demədiyini bilmədim. Başqa çıxış yolu görməyəndə Oqtayı öldürmək fikrinə düşdüm”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində hadisə günü baş verən olayların təfərrüatını ittiham aktının nəticəvi hissəsində olduğu kimi danışıb. Deyib ki, hadisə günü içki qəbul edib və Oqtayı həmin günü öldürəcəyini qətiləşdirib.

“Əmim Savalana hadisə barədə məlumat verdim”

Təqsirləndirilən şəxs deyib ki, qətl hadisəsindən əvvəl Amin və Musa ilə yeyib-içiblər: “Kafedən çıxdıq, evə doğru gəldik. Yolda Oqtayla rastlaşdıq. İlk əvvəl öldürmək üçün atəş açmaq istədim. Amma Aminlə Musa buna imkan vermədi.

Maşının şüşəsindən əmim məni və ətrafımdakıları çaqqal, özünü canavar adlandırdı. Onun hərəkətləri məni daha da əsəbiləşdirdi. Silahlı tuşlayaraq onu vurdum. Oqtayı öldürəndən sonra polisə təslim olacağımı qərara aldım və hadisə zamanı Amin və Musanın avtomaşında olmalarını başqalarına bildirməmək barədə razılaşdıq.

Kənd qəbiristanlığını yanında Aminlə Musa avtomaşından düşdülər. Musa arxa oturacaqda olan tüfəngi özü ilə götürdü. Mən özümdə olan iki patronu da Musaya verdim. Oradan Rahillə birlikdə evimizə gəldim. Evdə əmim Savalana hadisə barədə məlumat verdim. Savalan və Rahillə birlikdə hadisə yerinə getdik.

Savalan hadisə yerinə çatdıqda məni danladı və Saatlı rayon polis şöbəsinə məlumat verdi. Sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldilər. Musa və Amin də hadisə yerində idilər”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Saleh Əkbərov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Saleh Əkbərovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Saleh Əkbərovun apelyasiya şikayəti qismən təmin edilib, onun cəzası 9 ilə endirilib.


Müəllif: Hacı Zeynalov