Bu gün Ali Məhkəmədə İnşaat-E” MMC-nin direktoru Kənan Quliyevin məhkəmə qərarından verdiyi kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Kənan Quliyev Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini istəyib. Amma məhkəmə onun şikayət vermə müddətini ötürdüyü üçün istəyini qəbul etməyib. Buna görə də o, kasasiya şikayəti verib. Ali Məhkəmənin hakimləri Kənan Quliyevin kasasiya şikayətinə baxıblar və onun şikayətini əsassız hesab ediblər. Buna görə də Kənan Quliyevin şikayəti təmin edilməyib və iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.
Qeyd edək ki, Kənan Quliyev “Kamran B.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri Ələkbər Babayev, müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyevlə birlikdə mühakimə olunublar.
İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Kamran B.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri Ələkbər Babayev müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyev ilə qabaqcadan əlbir olaraq cəmiyyətin Yasamal rayonu ərazisində tikdiyi çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilən 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıb.
Bundan başqa “Kamran B.Ə.” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ə. Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Babayevin 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, əmlakı (3 mərtəbəli evi) müsadirə olunmaqla 14 il müddətinə, German Hüseynov əmlakı müsadirə olunmaqla, 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Süleyman Əliyevin 3 il müddətinə rəhbər vəzifə tutmaqdan mərhum edilməklə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Kənan Quliyev 2 il sınaq müddəti təyin olunmaqla 6 il 25 gün şərti, Rüfət Nağıyev 3 il sınaq müddəti təyin olunmaqla, 3 il müəyyən vəzifə tutmaqdan mərhum edilməklə 10 il şərti azadlıqdan mərhum etmə cəzasına məhkum ediliblər. Həbsdə olan Kənan Quliyev məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Ələkbər Babayev, German Hüseynov və Süleyman Əliyev apelyasiya şikayəti veriblər. Onlar barələrində həbs olmayan cəzanın təyin edilməsini xahiş ediblər. Baş Prokurorluq apelyasiya protesti verərək Kənan Quliyev və Rüfət Nağıyevin həbs edilməsini istəyib.
Qeyd edək ki, sabiq millət vəkili Gülər Əhmədovanın bacısı Gülnar Quliyevanın təqsirləndirilən Ə.Babayevin biznes əlaqəsinin ortağı olması üzə çıxıb. Məlum olub ki, “Kamran” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev birgə iş münasibətində olduğu Quliyeva Gülnar Mikayıl qızının etimadından istifadə edərək ona külli miqdarda (144 min manat) ziyan vurmaqda da ittiham olunub.
“Kamran” MMC-nin vətəndaşlara vurduğu ziyan isə 8 milyon 500 min manatdan çox hesablanıb.
Hacı Zeynalov