10 Noyabr 2019 21:13
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Meksika hüquq-mühafizə orqanlarına təzyiqləri gücləndirib.

Musavat.com xəbər verir ki, bu, ABŞ-Meksika sərhədi yaxınlığında ikili vətəndaşlığı olan mormon inanclı xristianların kütləvi qətli ilə bağlıdır.

Hadisə noyabrın 4-də baş verib. Elə o vaxtdan da dünyanın gündəminə oturub. Ölənlərin sayı haqqında fərqli məlumatlar verilir. Bəzi məlumatlara görə, 9 qadın və 3 uşaq öldürülüb. Öldürülənlərin 9 nəfər olduğunu iddia edən media qurumları da var. 8 uşaq isə hadisə yerində olsa da, sağ qalıb. Daha 5 uşaq isə atışma zamanı müxtəlif dərəcəli yara alıb...

Mormonlarla bağlı bəzi məlumatlara diqqət edək. Hazırda dünyada 16 milyon mormon inanclı insanın olduğu bildirilir. Sayları az olsa da, sanbalları böyükdür. Bütün dünyada öz inanclarını yaymaq üçün ağlasığmaz əzmkarlıq nümayiş etdirirlər. Bu məzhəb 1830-cu ildə Nyu-Yorkda rəsmən qeydiyyatdan keçib. Mormonlara görə, kişilər də, qadınlar da eyni vaxtda birdən artıq nəfərlə evli ola bilərlər. Ancaq ABŞ-da mormonların bir nəfərdən artıq şəxslə evliliyi qanunla yasaq edilib.

O da sirr deyil ki, mormonlara xristian dünyasında da münasibət xoş deyil.

Meksikada baş verən olayın səbəbi isə hələ də mübahisə mövzusu olaraq qalır. Bəzi iddialara görə, həm də ABŞ vətəndaşı olan mormonlar təsadüfən iki narko-kartel arasında gedən silahlı qarşıdurmanın mərkəzinə düşüb. Ona görə də maşınla gedən mormonlar gülləbaran edilib və onların maşınına od vurulub. Digər iddiaya görə isə bu qətliam onların dini inancı ilə bağlıdır. Üçüncü versiyada isə bildirilir ki, silahlılar mormonların ailə üzvlərindən pul qopartmağa çalışıblar. “Yox” cavabı aldıqdan sonra isə əsir götürdükləri mormonlara divan tutulub...

Meksika hökuməti bu cinayətə görə narko-kartelləri suçlu bilir. Qeyd edək ki, bütövlükdə Latın Amerikasında narko-kartellər çox güclüdür. Bəzən qəsəbələr, hətta şəhərlər qanqsterlərin savaş meydanına çevrilir. Hadisə yerinə hökumət ordu yeritmək zorunda qalır.

“Nyu York Post” ABŞ Federal Təhqiqat Bürosuna istinadən yazır ki, qanqsterlər öz qurbanlarını maşından düşürüblər, sonra isə onları bir-bir güllələyiblər.

Bu isə o dəməkdir ki, qanqsterləri kimi öldürdüklərini yaxşı biliblər.

Qətl edilən mormonların dəfn prosesi son dərəcə izdihamlı olub, bəzi televiziya kanalları prosesi canlı olaraq yayınlayıb.

“Deyli Meyl” bildirir ki, 2017-ci ildən üzü bəri Meksikada 250 min adam narkokartellərin güdazına gedib. Amerikalıların bir çoxu hətta İŞİD-i belə narko-kartellərdən daha humanist hesab edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər