Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Mehti Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Mehti Mehtiyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində istintaq dövründə seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib.
O, məhkəmə zalında həbs edilib.
İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehti Mehtiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb.
Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.
"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib.
Bundan sonra Mehti Mehtiyevin də əməlinin üstü açılıb.