18 Noyabr 2019 15:45
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhlənkarlıqda təqsirləndirilən Altay Rəfiyevin barəsində olan hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kasasiya şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Altay Rəfiyev 314.2-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən zərərçəkmiş Vasif Bağırovun hüquqi varisi S.Bağırova və məhkumun müdafiəçisi apelyasiya şikayəti verib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilərək, qərar dəyişdirilib.

Belə ki, məhkumun cəzası 4 il 6 aya qaldırılıb.

Daha sonra hər iki tərəf kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, 2016-cı ilin yayında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün keçirilən əməliyyat zamanı Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi olmuş polis mayoru Altay Rəfiyev səhlənkarlığı nəticəsində polis yoldaşı Vasif Bağırovu güllə ilə vuraraq öldürüb.

Məlumata görə, Tahir Ayralovun müqavimət göstərməsi polis əməkdaşlarını silah tətbiq etməyə məcbur edib. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun başına dəyib. O, aldığı yaradan bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Onun ölümünə səbəb olan polis mayoru Altay Rəfiyev mövqeyini xidmət yoldaşına bildirməməkdə günahlandırılıb.

Belə ki, onun mövqeyindən xəbərsiz olan V.Bağırovun A.Rəfiyevə tərəf atəş açdığı və cavab atəşindən sonra yaralanaraq dünyasını dəyişdiyi bildirilib.

Daha sonra keçmiş Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi, polis mayoru A.Rəfiyev sərəncama göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər