25 Noyabr 2019 10:10
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin keçmiş rəisi Tahir Mehdiyevin barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Tahir Mehdiyevin kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin müdiri - eksperti Tahir Mehdiyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı barəsində tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində özü üçün əvvəl 300 manat tələb etdiyi, sonradan isə şikayətçi ilə razılaşdığı 200 manat məbləğində pulu 12 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkərаn Аğır Cinаyətlər Məhkəməsinin hökmü ilə Tahir Mehdiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib.

Şirvan Apelyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib.

Tahir Mehdiyevə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsinə əsasən 1 il 21 gün cəza təyin edilib.

Onun 12 fevral 2015-ci il tarixdən 04 mart 2016-cı il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəza çəkilmiş hesab edilib.

Daha sonra Tahir Mehdiyev kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər