Gəncə şəhərində cinayət törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Nemət Hüseynov və onun yaşıdı Sərvin Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nemət Hüseynov tanışları - Gəncə şəhər sakinləri Sərvin Yaqubov və digər şəxslə birlikdə Gəncə şəhərndə “Dubay” bazarı adlanan ərazidə yeməkxanaya gəlib.
Həmin yeməkxanaya sərxoş gələn Gəncə şəhər sakini Məhərrəm Əhmədov Sərvin Yaqubovun orada nalayiq söyüşlərlə danışdığını eşidib, ona tərs-tərs baxıb. Məhərrəmin baxışlarını etirazla qarşılayan Sərvin Yaqubov ona acıqlanıb: “Nədir, yoxsa xoşuna gəlmir, niyə baxırsan?..”
Məhərrəm Əhmədov kafedə başqa şəxslərin də əyləşdiyini söyləyib, söyüşləri dayandırmağını istəyib. Bu zaman mübahisə yaranıb.
Məhərrəm Əhmədov Sərvin Yaqubovun onunla dalaşacağını düşünüb və kafedən çölə çıxıb. Sərvin Yaqubov da onun arxasınca gəlib.
Məhərrəm Yaqubov Sərvin Yaqubova mübahisəyə aydınlıq gətirmək məqsədi ilə Gəncə şəhərində yerləşən A.Səhhət adına xəstəxanasının yanındakı çayxanada birlikdə çay içməyi təklif edib. Onlar Məhərrəm Əhmədovun idarə etdiyi “Qaz-3102” markalı avtomobilə həmin çayxanaya yolanıblar.
Həmin vaxt Sərvin Yaqubovun tanışı Nemət Hüseynov və digər şəxslər də başqa bir maşınla qeyd olunan çayxanaya gəliblər. Onlar avtomobildən düşərək Sərvin Yaqubovla Məhərrəm Əhmədovun söhbət etdiklərini görüb.
Bu zaman Nemət Hüseynov məsələyə heç bir aydınlıq gətirmədən və bu münaqişənin ona heç bir aidiyyəti olmadığı halda Məhərrəm Əhmədovu arxadan təpiklə vurub.
Sərvin Yaqubov isə Məhərrəm Əhmədovun yıxılan zaman əlindən yerə düşmüş baltanı götürərək onu döyüb.
Daha sonra onlar Sərvin Yaqubovun idarə etdiyi Məhərrəm Əhmədova məxsus avtomobillə sonuncunu Gəncə-Bakı şosesinin kənarında yerləşən boş torpaq sahəsinə aparıblar.
Orada Məhərrəm Əhmədovu avtomobildən düşürüblər. Yenidən heç bir əsaslı səbəb olmadan Məhərrəm Əhmədovu yumruq və təpiklə bədənini müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər.
Bundan əlavə Nemət Hüseynov Gəncə şəhər Nizami rayon Nizami küçəsində yerləşən evin qarşısına gəlib, həmin ünvanda yaşayan Ziyatxan Quliyev ilə görüşüb.
Söhbət zamanı Ziyatxan Quliyevin ona çatacaq 60 manatı qaytarmamasını irad tutub. Onların arasında mübahisə yaranıb, Nemət Hüseynov Ziyatxan Quliyevi bıçaqla vurub.
Bundan sonra Nemət Hüseynov əvvəllər tanıdığı Araz Dursunova zəng edib, barəsində təhqiramiz sözlər dediyinə görə ona iradını bildirib.
Buna görə də görüşüb və söhbət etməyi təklif edib. Araz Dursunov Nemət Hüseynovun bu təklifi qəbul edib və onu Gəncə şəhər N.Nərimanov prospektində yerləşən köhnə “Yevlax” avtovağzalı adlanan əraziyə dəvət etdikdən sonra əvvəllər tanıdığı Elgün Kazımov və İlkin Orucov ilə birlikdə qeyd olunan ünvana gəliblər.
Orada onların arasında mübahisə yaranıb, mübahisə kütləvi davaya çevrilib. Dava zamanı Nemət Hüseynov Araz Dursunova bıçaqla xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Nemət Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə, Sərvin Yaqubovun barəsində isə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 178.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 221.3-cü (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nemət Hüseynov 8 il 6 ay, Sərvin Yaqubov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Nemət Hüseynov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Nemət Hüseynovun şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Nemət Hüseynov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Nemət Hüseynovun şikayəti rədd edilib.