Bakının Binəqədi rayonunda quldurluq edən mütəşəkkil dəstənin daha bir neçə üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini N.Eminov, habelə qrupun digər üzvləri - Tərtər rayon sakini S.Abbasov və Masallı rayon sakini R.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Qeyd edək ki, 6-cı polis bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup şəxsin onu hədələyib, 7000 manat pul tələb edərək “Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.
Ötən həftə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Yusifov, R.Əliyev, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Dadaşzadə və Şərur rayon sakini Əmrah Nağıyev saxlanılmışdı.
İstintaqla cinayətdə iştirak edən dəstənin daha 2 üzvünün şəxsiyyəti müəyyən olunmuşdu.
Faktla bağlı araşdırma aparılır.