İki nəfərin ölümündə təqsirli bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanovun məhkəməsi baş tutmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, prosesin təxirə salınmasına səbəb təqsirləndirilən şəxsin vəkilinin çıxışa hazır olmaması ilə bağlıdır.
Məlumata görə, məhkəmə iclası sentyabrın 26-na təyin olunub.
Qeyd edək ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Aydın Qəhrəmanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Vəkil isə məhkəmə çıxışları zamanı müdafiə etdiyi şəxsin günahsız olmasını bildirib.
İttihama görə, Aydın Qəhrəmanov Aidə Yəhyayeva ilə qeyri-rəsmi yaşayıb. O, Aidənin bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşüb. Onun bu niyyətindən Aidənin digər bacısı İndira duyuq düşüb. Buna görə də İndira ilə Aydın Qəhrəmanovun arasında narazılıq yaranıb. O, qeyri-rəsmi həyat yoldaşı Aidədən bacısını evə buraxmamağı tələb edib.
Türkiyədə yaşayan Nazilə Yəhyayeva Bakıya gələndə mənzilin ondan xəbərsiz satılması ilə bağlı Aidə ilə mübahisə edib. O, Aydın Qəhrəmanov barəsində Yasamal Polis İdarəsinin 29-cu bölməsinə müraciət edib. Bölmədə şikayətin araşdırması gedən vaxtda Aydın Qəhrəmanovun Aidənin qardaşı qızı Samirə ilə də münasibətləri gərginləşib. Buna görə də o, bir neçə ay Aidədən uzaqlaşıb.
2008-ci ildən yenidən Aydın Qəhrəmanovun Aidə ilə münasibətləri düzəlməyə başlayıb. Həmin il ərzində Aydın Qəhrəmanov Naziləyə məxsus evi ələ keçirmək məqsədilə Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. O, istintaqa məlum olmayan mənbədən dərman əldə edib və evə gətirib. Dərmanı yuxugətirici kimi Aidəyə təqdim edib, onu Aidə və Samirəyə içirib. Aidə və Samirə zəhərlənmə diaqnozu ilə Əfəndiyev adına 2 saylı xəstəxanaya yerləşdiriliblər. Sentyabrın 7-də Samirə xəstəxanada ölüb. Aidənin isə vəziyyəti bir müddət ağır olub. Vəziyyətdən istifadə edən Aydın Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanova satıb. Aidə sentyabrın 18-də dünyasını dəyişib.
İstintaq onların Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib.
Hacı Zeynalov