4 Dekabr 2019 14:52
2 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda insan alverində ittiham olunan 1983-cü il təvəllüdlü Şahin Abdullayev, onun atası Mirfariz Abdullayev və Seymur Şıxıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şahin Abdullayev və atası Mirfariz Abdullayev 2015-ci ilədək olan müddətdə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin sahə inspektoru vəzifəsində işləyən Seymur Şıxıyev ilə qabaqcadan əlbir olub.

Şahin Abdullayev “BMW” markalı avtomobillə Mirfariz Abdullayev və Seymur Şıxıyev ilə birlikdə sonuncunun xidməti ərazisinə aid Binə qəsəbəsindəki “Südçülük sovxozu” deyilən yerə gəliblər.

Şahin Abdullayev həmin ərazidə kirayənişin kimi yaşayan Çin Xalq Respublikasının vətəndaşını görüb. O, Çin vətəndaşını məcburi əməyə cəlb etmək niyyəti ilə avtomaşına əyləşdirib və yaşadığı Binə qəsəbəsi, “Duda zavodu” adlanan əraziyə gətirib.

Şahin Abdullayev orada Çin vətəndaşının rəsmi sənədlərini əlindən alıb, onu ölkə ərazisində sərbəst yerdəyişmə imkanlarından məhrum edib, habelə psixi təsir göstərib, daim qorxu altında saxlayıb. Çinli üçün həyətində 5 kvadrat metr ölçüdə beton döşəməli, istilik sistemi olmayan otaq ayırıb, Seymur Şıxıyevin vasitəsi ilə ona hədə-qorxu gəlib, onu həbs etməklə hədələyib.

Eləcə də təkbaşına dəfələrlə Çin vətəndaşını döyəcəyini bildirib, zor tətbiq etmək hədəsi ilə həyətindəki fermada iri və xırda buynuzlu heyvanlara baxmağa, təmizlik işləri görməyə məcbur edib.

Əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çin vətəndaşı həmin evdə aşkar olunub.

İstintaq orqanı tərəfindən Şahin Abdullayev, onun atası Mirfariz Abdullayev və Seymur Şıxıyevin barəsində Cinayət Məcəlləsinin 144-2.2.6-cı (insan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Abdullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində 2 min manat cərimə cəzası da müəyyən edilib.

Məhkəmə digər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

Hökmdən narazı qalan Şahin Abdullayev apelyasiya şikayəti verib. Onun şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib. Bu qərardan narazı qalan Şahin Abdullayev vaxtında kasasiya şikayəti verə bilməyib.

Bu səbəbdən o, kasasiya şikayətinin verilmə müddətinin bərpa olunması üçün Ali Məhkəməyə müraciət edib. Bu günlərdə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda Şahin Abdullayevin vəsatəti araşdırılıb, rədd edilib.


Müəllif: Hacı Zeynalov