5 Dekabr 2019 14:50
1 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda adam bıçaqlayan 1976-cı il təvəllüdlü Vüqar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, rayonun Keşqurd kəndində yaşadığı evin həyətində kənd sakini Alhüseyn Alxasov və Ağcabədi rayonunun Avşar kənd sakini Coşqun Rəfiyevlə yemək yeyib, spirtli içki qəbul ediblər.

Coşqun Rəfiyev söhbət əsnasında Alhüseyn Alxasova yaşadığı evə gəlib-gedən İsmayıllı rayonu Aşağı Zərnava kənd sakini Süleyman Səmədovun başqa niyyətlə gəldiyini deyib, ailəsi haqqında xoşagəlməz ifadələr işlədib. Bu zəmində onların aralarında mübahisə yaranıb.

Vüqar Zeynalov mübahisəyə müdaxilə edərək Coşqun Rəfiyevə başqasının ailə məsələlərinə qarışdığını irad tutub.

Coşqun Rəfiyev stol arxasından durub və Vüqar Zeynalov oturduğu istiqamətə hücum edib. Bu zaman Vüqar Zeynalov meyvə soymaq üçün stolun üstündə olan bıçağı götürüb və Coşqun Rəfiyevi özündən kənarlaşdırmaq istəyib.

Belə olan halda Vüqar Zeynalov əlindəki bıçaqla Coşqun Rəfiyevə xəsarət yetirib. Bunu görən Alhüseyn Alxasov da Vüqar Zeynalovdan bıçağı almaq istəyib. Vüqar Zeynalov ona da bıçaqla xəsarət yetirib.

Hər iki yaralıya xəstəxanada vaxtında göstərilən tibbi yardım nəticəsində həyatlarını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vüqar Zeynalovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar Zeynalov bildirib ki, 2013-cü ildə Bakı şəhərindən İsmayıllı rayonunun Keşqurd kəndinə köçüb, orada atası Qənimət Zeynalov ilə birlikdə yaşamağa başlayıb: “Kənddə arıçılıq və maldarlıqla məşğul olmuşam. 2016-cı ilin aprelində təsərrüfatımda 134 baş keçi, 80 baş çəpiş olub. Keçiləri Rüstəm Zeynalov otarıb və mənimlə bir evdə yaşayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2016-cı ilin iyulun əvvəllərində keçilərini otarmaq üçün əlavə şəxs axtarıb: “Bu zaman Coşqun Rəfiyev ilə tanış oldum. Coşquna keçilərimi otarmasını təklif etdim, bunun müqabilində ona hər ay 150 manat pul verəcəyimi, əlavə olaraq isə yemək və siqaret də alacağımı söz verdim. Sonuncu mənimlə razılaşdı. Coşqun həmin vaxtdan sonra yaşadığım evdə qalıb və heyvanlarımı otarıb. Əvvəllər heyvanlarımı mənimlə bir kənddə yaşayan Alhüseyn Alxasov da otarıb”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində Alhüseyn Alxasovun vasitəsi ilə hadisə baş verən günü xeyli miqdarda bal satdığını, bu səbəbdən Alhüseyn Alxasovla evində içki məclisi qurmasından danışıb: “Söhbət zamanı Coşqun keçiləri otarmağa görə ona verilən pulun az olduğunu dedi, həmin pulun məbləğini bir qədər artırmağımı təklif etdi. Coşquna əvvəlcədən pulun məbləği ilə razılaşdığını dedim, onun indi hansı səbəbdən əlavə pul istədiyini soruşdum. Həmçinin ona keçiləri yaxşı otarmadığını və südlərinin azaldığını bildirdim. Bu zəmində aramızda sözlü mübahisə yarandı, lakin tezliklə səngidi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan təxminən 5-10 dəqiqə sonra Coşqun Alhüseynə Süleyman adlı şəxsin onun evinə tez-tez gəlib-getdiyini deyib, gəlinlərinin adına söz çıxmasın deyə ailəsinin üzərində diqqətini artırmasını ona tövsiyə edib: “Alhüseyn də gəlinlərinin namussuz hərəkətini harada gördüyünü ondan soruşdu. Bu zəmində aralarında sözlü mübahisə baş verdi. Bu sözdən sonra Coşquna başqasının ailə məsələlərinə qarışmasını irad tutdum. Coşqun mənimlə mübahisə edərək stoldan qalxdı, üzərimə gəldi.

Coşqunun məni vuracağını düşündüm. Stolun üzərində olan bıçağı götürdüm və əlimdə sağa-sola fırladaraq Coşquna yaxın gəlməməsini söylədim, əks halda onu vuracağım ilə qorxutdum. Coşqun buna məhəl qoymadı”.

Vüqar Zeynalov daha sonra ifadəsində Coşqun və Alhüseynə xəsarət yetiriməsi barədə danışıb, onları Ayaz Həsənovun idarə etdiyi "Niva" markalı avtomaşınla xəstəxanaya apardığını bildirib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Zeynalov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Vüqar Zeynalov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Vüqar Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 5 il 6 aya endirilib.

Bu qərardan narazı qalan Vüqar Zeynalov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi prosesdə baxılıb.

Hakim heyəti Vüqar Zeynalovun kasasiya şikayətini təmin etməyib.


Müəllif: Hacı Zeynalov