6 Dekabr 2019 11:30
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhərində adam bıçaqlamaqda təqsirli bilinən Səməd Babayevin (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səməd Babayev və onunla qeyri-rəsmi ər-arvad münasibətində olan Samirə Məmmədova tanışları Sahib Məlikov və onun sevgilisi Lamiyə Aydınova sonuncuya məxsus Yevlax şəhəri, Pişəvəri küçəsindəki evlərdən birində içki məclisi qurublar.

Onlar məclisdə möhkəm yeyib-içiblər. Sərxoş vəziyyətdə olan Səməd Babayev Sahib Məlikova “sənin qardaşın Əli ilə əvvəllər türmədə birlikdə olmuşuq”, - deyə bildirib. Bu sözlər Sahib Məlikovun xoşuna gəlməyib. O, Səməd Babayevə “sən kimsən ki, özünü mənim qardaşıma tay tutmağa cəsarət edirsən”, - deyib.

Sahib Məlikov bu vaxt Səməd Babayev ilə mübahisə etməyə başlayıb, onu nalayiq söyüşlərlə söyüb, üstünə cumaraq əli ilə vurub.

Lamiyə isə sevgilisini dava salmaqda ittiham edib, “bəsdir evdə dava saldığın” deyərək onu sakitləşdirməyə cəhd edib.

Sahib Məlikov sevgilisi ilə də mübahisə edib, döyüb, ona bədən xəsarəti yetirib. Lamiyə stolun üstündə olan bıçağı götürərək Sahib Məlikova iki yüngül xəsarət yetirib.

Yerdə sərxoş vəziyyətdə olan Səməd Babayev özündə olan bıçaqla Sahib Məlikovun qarın nahiyəsinə bir neçə bıçaq xəsarəti yetirib.

Sahib Məlikova vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Səməd Babayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə, Lamiyə Aydınova isə Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səməd Babayev 5 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Lamiyə Aydınova isə 300 manat miqdarında cərimə olunub.

Hökmdən narazı qalan Səməd Babayev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Səməd Babayevin şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Səməd Babayev kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Səməd Babayevin kasasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov