10 Dekabr 2019 14:55
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib.

O və sərnişini, kənd sakini C.Rəfiyev tabeçilik göstərmədiklərindən hadisə yerinə PPXB-nin əməkdaşları çağırılıb.

Bu zaman C.Rəfiyev özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron, habelə nəqliyyat vasitəsinin yük yerində ona aid 1 ədəd dövlət qeydiyyat nişanı aşkar edilərək götürülüb, digər dövlət qeydiyyat nişanının isə evdə olması bildirilib.

C.Rəfiyev xəstəxanaya yerləşdirilib.

S.Xanalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.


Müəllif: Hacı Zeynalov