10 Dekabr 2019 16:04
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Tural Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşayan Çeçenistan vətəndaşı Bislan Bakayevin meyiti tapılıb.

Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Tural Muxtarov tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Tural Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.

İstintaq orqanı tərəfindən Tural Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov