11 Dekabr 2019 10:34
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məmmədvəli Cəfərovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədvəli Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Məmmədvəli Cəfərovun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan Mənnədvəli Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb.

Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.

Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib.

Məmmədvəli Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.


Müəllif: Hacı Zeynalov