12 Dekabr 2019 14:45
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində xırda pul üstündə dava salmaqda ittiham olunan 1996-cı il təvəllüdlü Elşən Şahverənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elşən Şahverənov 29 may 2018-ci il tarixdə, saat 21.30-da Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Rövşən Həsənovdan özünə siqaret alması üçün xırda pul istəyib.

Rövşən Həsənov xırda pul istəməsini ona irad tutub. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Şahverənov yumruqla Rövşən Həsənovu vurub. Sonuncu ağız və çənə nahiyəsindən xəsarətlər alıb.

Bundan başqa o, həmin ilin iyulun 7-də, səhər saat 07.30-da Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində Polad Allahverdiyevə bıçaqla qol və sinə nahiyəsinə iki dəfə vurub.

İstintaq orqanı tərəfindən Elşən Şahverənovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 128-ci (sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elşən Şahverənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elşən Şahverənov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Elşən Şahverənovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Elşən Şahverənovun şikayəti qismən təmin edilib, onun cəzası 2 il 6 aya endirilib.


Müəllif: Hacı Zeynalov