13 Dekabr 2019 11:24
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qadını intim fotoları ilə şantaj etməkdə təqsirləndirilən Eltun Qurbanzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Sevinc Quliyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 24-nə təyin olunub.

İttihama görə, 2019-cu il, sentyabrın 22-də Xırdalan şəhər sakini Vəfa Əliyeva (ad və soyad şərti verilib - red.) Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etdiyini bildirib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Eltun Qurbanzadə saxlanılıb.

İstintaq orqanı tərəfindən Eltun Qurbanzadənin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov