17 Dekabr 2019 19:40
3 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Heydər Əlilinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şadman Balayev Heydər Əlilinin bacısına votsapdan tanışlıq məzmunlu “SMS” mətnləri göndərib.

Heydər Əlili bundan qadının əri vasitəsi ilə xəbər tutub. O, qisas almaq niyyəti ilə Şadman Balayevi öldürmək qərarına gəlib. Bu məqsədlə 29 yanvar 2019-cu il tarixdə saat 9 radələrində bacısının ərindən Şadman Balayevin Bakı şəhərinə getmək üçün Lənkəran şəhərində “Ləvəngi dairəsi” adlanan ərazidə yerləşən avtovağzalda olduğunu öyrənib.

Evdən bıçaq götürüb və şalvarının kəmərinə keçirib. O, niyyətini bacısının ərindən gizlədərək sonuncunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtovağzala gəlib.

Heydər Əlili orada Şadman Balayevin avtovağzalın girişində avtobusların yanında dayandığını görüb. O, öldürmək məqsədilə Şadman Balayevə tərəf qaçıb.

Heydər Əlilinin ona tərəf gəldiyini görən Şadman Balayev oradan qaçmaq istəyib. Şadmanın qaçdığını görən Heydər onun arxasınca sürətlə gedib. Heydər Əlili Şadman Balayevi “Xan Lənkəran” restoranının arxa girişinə qədər təqib edib və orada qarşısını kəsərək yumruq və təpiklə vurub.

Daha sonra Şadman Balayevə bir neçə bıçaq xəsarəti yetirib. Şadman Balayev aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Heydər Əlilinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Heydər Əlili 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi, atası Nail Balayev apelyasiya şikayəti verib. O, qeyd edib ki, Heydər Əlilini oğlunun qətlə yetirilməsinə bacısının əri Ramin Abdullayev təhrik edib.

Hüquqi varis Ramin Abdullayevin məsuliyyətdən kənarda qaldığını, onunda məsuliyyətə cəlb olunması, Heydər Əlilinin isə cəzasının ağırlaşdırılmasını istəyib.

Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Mərhum Şadman Balayevin hüquqi varisi tərəfindən verilən şikayət təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov