24 Dekabr 2019 14:08
3 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ana-atasını vəhşicəsinə döyməkdə, onlara hədə-qorxu gələrək pul tələb etməkdə və qanunsuz odlu silah saxlamaqda ittiham olunan 1984-cü il təvəllüdlü Natiq Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Natiq Piriyev 22 fevral 2018-ci ildə, saat 21 radələrində Yasamal rayonunda birlikdə yaşadığı anası Kəmalə ilə mübahisə edib.

O, anasının bıçaqla boğazını kəsərək öldürməklə hədələyib. Oğul anasından narkotik maddə əldə etmək və başqa maddi ehtiyaclarını təmin etmək üçün yaşadıqları evi satmasını və mənzilin pulundan ona 30-40 min manat verilməsini tələb edib.

Natiq Piriyev fevralın 22-də saat 21.10-da birlikdə yaşadığı atası Qulunu döşəmənin üzərinə yıxıb və üstündə oturaraq boğazınını bıçaqla kəsəcəyi ilə hədələyib. Həmin vaxt atasını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib, evi eyni tələblə satmasını istəyib.

Silah əldə etdi, polis tərəfindən tutuldu

Bundan başqa, Natiq Piriyev ov tüfəngi və onun sursatlarını əldə edib. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində martın 3-də Qanlı Gölün kənarında saxlanılıb.

İstintaq orqanı tərəfindən Natiq Piriyevin barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu gəlmək) , 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

“Valideyinlərimin mənə olan rəftarı dəyişdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq Piriyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə məhkum olunub, sonuncu dəfə 18 fevral 2010-cu ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 8 ay azadlıqdan məhrum edilib: “18 oktyabr 2012-ci il tarixdə azadlığa buraxıldım. Həmin vaxtdan da valideyinlərim ilə birlikdə Yeni Yasamaldakı ünvanda yaşamışam.

Qeydiyyatda olduğum D.Bünyadzadə küçəsindəki mənzili mən həbsdə olduğum zaman valideyinlərim satıblar.

Yeni Yasamaldakı ünvanda yerləşən mənzil yeni tikili olduğundan, ora qeydiyyata düşə bilməmişəm. Atam və anamla birlikdə yaşamaq istəmədiyimə, ailə qurmaq planlarıma görə aramızadakı münasibətlər korlandı, valideyinlərimin mənimlə rəftarı dəyişdi”.

“Valdeynlərim ailə qurmağıma mane oldular”

Təqsirləndirilən şəxsin sözlərinə görə, dəfələrlə aralarında olan narazılığa görə onu 1 saylı Ruhi Əsəb xəstəxanasında yatızdırıblar: “Ona görə də yaşadığımız evin satılıb və mənə düşən payın verilməsini tələb etdim. Ancaq atam mənzilin satılmasına imkan vermədi. Bu səbəbdən aramızda mübahisələr oldu. Valideyinlərim mənim ailə qurub yaşamağıma da mane oldular”.

Natiq Piriyev qeyd edib ki, axırıncı dəfə fevralın 22-də, saat 20.21-də yaşadığı mənzildə olan zaman anası Kəmalə heç bir səbəb olmadan ona söz atmağa başlayıb: “Bundan sonra aramızda mübahisə başladı. Anamdan yenə də mənzilin satılıb, mənə düşən payın verilməsini tələb elədim. Bu tələbimi atama da çatdırmasını istədim. Həmin vaxt atam mənzilə daxil olaraq mənimlə mübahisəyə başladı.

Atam anamın mənzildən çıxmasını və mənimlə təklikdə danışmaq istədiyini bildirdi. Anam evdən çıxaraq qapını bağlayan kimi atam başı ilə baş nahiyəmə vurdu. Mən isə başımı aşağı əyərək atamın məni vurmasına imkan vermədim. Atam iki dəfə eyni hərəkəti etdi və əlləri ilə yaxamdan yapışdı. Ondan məni buraxmasını tələb etdim. Məni buraxmayanda məcbur qalıb əlimlə atamı itədim, bu zaman əlim onun sifətinə dəyərək zədələdi”.

“Öldürməklə hədələməmişəm”

Təqsirləndirilən şəxs deyib ki, atası ilə dava edəndən sonra özü mənzildən çıxaraq gedib: “Bir neçə gün internet klublarda və başqa-başqa yerlərdə gecələdim. Bir neçə gündən sonra anam Kəmaləyə zəng etdim. Anam atamın məndən 29-cu polis bölməsinə şikayət etdiyini bildirdi. Özüm 29-cu polis bölməsinə gedərək izahat verdim. Həmin hadisədən sonra evimizə qayıtmadım.

Valideyinlərimlə həmin hadisə zamanı əlimdə hər hansı alət və ya bıçaq olmayıb. Ata-anamı odlu silahla öldürməklə hədələməmişəm. Valideyinlərimlə birlikdə yaşadığım mənzilin təxminən 100 min manat qiyməti var. Həmin mənzilin satılıb və mənə düşən 3-40 min manat pulun verilməsini valideyinlərimdən tələb edirəm. Səbəb onlardan ayrılıb, ayrı yaşamaq istəyimdir”.

“Utandığımızdan dözüb, şikayət etməmişik”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Qulu Piriyev ifadəsində göstərib ki, oğlu Natiq əvvəllər bir neçə dəfə narkotik maddələri qanunsuz olaraq əldə edərək istifadə etdiyinə görə məhkum edilib, axırıncı dəfə təxminən 4-5 il bundan əvvəl azadlığa buraxılıb: “Bundan sonra Natiq evində mənimlə və anası Kəmalə ilə birlikdə yaşayıb. Natiqi dəfələrlə Maştağa qəsəbəsində yerləşən 1 saylı müalicə müəssisəsində narkomaniyadan müalicə etdirmişəm. Lakin o, narkotik maddələrin istifadəsindən əl çəkməyib. Narkotik üçün evimizdə olan dəyərli əşyaların hamısını satıb, narkotik maddələrin təsiri altında olan zaman dəfələrlə anası Kəmaləyə və mənə xəsarətlər yetirməklə əzab verib, öldürməklə hədələyib. Bir neçə dəfə anasını döyüb. Utandığımıza görə onun bu hərəkətlərinə dözmüşük, şikayət etməmişik”.

“Narkotik almaq üçün pul istədiyini eşitdim”

Qulu Piriyev qeyd edib ki, dəfələrlə Natiqi müxtəlif yerlərə işə düzəltsə də o, işləmək istəməyib: “Axırıncı dəfə fevralın 22-də saat 21 radələrində şəhərdə taksi fəaliyyəti ilə məşğul olan zaman həyat yoldaşımın mobil nömrəsindən mənə zəng gəldi.

Telefonu açdıqda Natiqin qışqıra-qışqıra hədə-qorxu ilə anası Kəmalədən narkotik almaq üçün pul istədiyini eşitdim.

Natiq anasından təcili ona pul verməsini tələb etdi, yoxsa onu öldürəcəyini, xəsarət yetirəcəyini dedi. Kəmalə ona “məndə pul yoxdur, atana de, əgər pulu varsa gətirib sənə versin” cavabını verdi.

Natiq Kəmaləni nalayiq söyüşlərlə söyərək, onu hədələməkdə davam edirdi. Maşınımla tez evə gəldim. Qapıdan içəri girəndə gördüm ki, Natiq anasını divarın küncünə dirəyib, əlindəki bıçağı onun boğazına sıxıb, başını kəsəcəyini, öldürəcəyini deyir”.

“Nalayiq söyüşlər söyərək, üstümə gəldi”

Qulu Piriyev qeyd edib ki, həmin vaxt oğlunu sakitləşdirmək istəyib: “Vəziyyətin çox ağır olduğunu başa düşdüm. Natiqi sakitləşdirməyə çalışdım. Ona “lazım deyil, burax, anandır, anana bıçaq çəkmə, xəstədir, burax, gəl görüm nə istəyirsən” dedim. Bundan sonra Natiq Kəmaləni buraxdı. Kəmalə yerə çökdü.

Kəmaləni buraxdıqdan sonra Natiq mənim üstümə gəldi. Mən də Kəmaləyə aradan çıxmaq işarəsi verdim. Kəmalə yerdən qalxaraq pəncərəyə tərəf getdi və orada dayandı. Çünki Natiq qapının qarşısında durmuşdu, anasının çölə çıxmasına imkan vermirdi.

Mən Natiqə yenə də narkotik maddə almaq üçün pul tələb etdiyini, əgər pul verilməsə bizim başımıza oyun gətirəcəyini başa düşdüm. Natiqə iradımı bildirdiyimə görə nalayiq söyüşlərlə üstümə gəldi. Məni tutaraq divara çırpdı. Evi satıb, ona düşən 30-40 min manat pul verməyi tələb etdi. “Mənə pul ver, pul verməsən səni öldürəcəyəm, siz artıq məni bezdirmisiniz” - deyərək məni yerə çırpdı, üstümdə oturdu”.

“Başı qanlı polisə getdim”

Zərərçəkmiş bildirib ki, Natiq əlində tutduğu bıçağın arxa hissəsi ilə onun başına dəfələrlə vurub, baş nahiyəsindən qan axmağa başlayıb: “Bütün sifətim qana boyandı. Kəmalə bu vəziyyəti gördü və qışqıraraq ağladı. Bundan sonra Natiq məni buraxdı, anasına tərəf gedəndə anası qaçaraq evdən çıxdı.

Natiq də anasının ardınca çıxdıqda o, fürsətdən istifadə edərək çətinliklə ayağa qalxdım. Həyətdə olan avtomobilimə oturaraq 29-cu polis bölməsinə getdim. Polis bölməsində başımı qanlı halda gördülər, Təcili Tibbi Yardım çağırdılar. Mənə tibbi yardım edildi. Bundan sonra ərizə ilə müraciət etdim, izahat verdim, bədənimdə xəsarət olduğuna görə məhkəmə-tibbi ekspertizaya göndərildim və ekspertizadan keçdim”.

6 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Piriyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Natiq Piriyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə araşdırma aparılıb, Natiq Piriyevin şikayətinin təmin olunmaması barədə qərar qəbul edilib.

Bu qərardan narazı qalan Natiq Piriyev apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Natiq Piriyevin şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov