27 Dekabr 2019 14:08
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Natiq Bunyatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, rayonun “Acıdərə” adlanan qışlaq sahəsində sahibkar Faiq Xələfova məxsus fermer təsərrüfatında ailə üzvləri ilə birlikdə yaşayan və həmin fermada çobanlıq edən Natiq Bunyatovun qardaşı Vəli həmin ərazidə heyvandarlıqla məşğul olan Zaur Hacıyevə məxsus itləri daşla vuraraq öz ərazilərindən qovub.

Bu səbəbdən 18 yanvar 2018-ci il tarixdə, saat 20 radələrində Zaur Hacıyev sərxoş vəziyyətdə həmin fermer təsərrüfatındakı yaşayış evinin qarşısına gəlib və Vəli Bunyatovla mübahisə edib.

Zaur Hacıyev Natiq Bunyatovun atası Şirinbala və həmin vaxt fermada olan Zaur Hacıyevin tanışı Şahlar Həşimov tərəfindən sakitləşdirilib. Qonşuluqdakı evinə yola salınsa da, Zaur Hacıyev təxminən 10 dəqiqədən sonra əlində ağacla bir neçə dəfə yenidən onların evinin qarşısına gəlib.

Zaur Hacıyev Natiq Bunyatovun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, qarşısına çıxmalarını tələb edib.

Bundan qəzəblənən Natiq Bunyatov evdə saxladığı ov silahını götürüb və eyvana çıxıb.

Bu vaxt Natiq Bunyatov Zaur Hacıyevin arxasınca gəlmiş arvadı Durdanə Hacıyevanın orada olmasına baxmayıb, qadının gözü qarşısında Zaur Hacıyevə atəş açıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Natiq Bunyatovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Bunyatov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Natiq Bunyatov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Natiq Bunyatovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Natiq Bunyatovun şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov