28 Dekabr 2019 15:03
1 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində məhkəmə binasında qadını boğmağa cəhd etməkdə ittiham olunan Nahid Həmidzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasının 2-ci mərtəbəsinin dəhlizində iddiaçı Məqsudə Quliyeva Sumqayıt Şəhər Məhkəməsinin qərardadından şikayət verməsi üstündə Aytən İsmayılova ilə mübahisə edib.

Qadınların mübahisəsi

Bunu görən Nihad Həmidzadə onların mübahisəsinə müdaxilə edib. O, Aytən İsmayılovanın sol əlindən tutub sıxaraq divara zərbə ilə itələyib.

Aytən İsmayılova da onun əlindən çıxıb və dəhlizdə gözətçi otağına girib. Nihad Həmidzadə qadının arxasınca həmin otağa girərək əlləri ilə boğazından tutub, onu boğub, daha sonra dizi ilə onun ayaq nahiyələrinə vurub.

İstintaq orqanı tərəfindən Nihad Həmidzadənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Aliment ödənilməsi barədə şikayət etdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad Həmidzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, bildirib ki, Məqsudə Quliyeva onun həyat yoldaşıdır: “Biz 26 oktyabr 2017-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşuq. Məqsudə əvvəl Vidadi İsmayılovun həyat yoldaşı olub. Aliment ödənilməsi ilə bağlı Məqsudə Quliyeva ondan şikayət edib.

5 mart 2018-ci il tarixdə saat 11.15-də Məqsudə Quliyevə ilə birlikdə Sumqayıt şəhər ərazisində yerləşən Apelyasiya Məhkəməsinə getdik.

Məqsudə ilə məhkəməyə gedəndə orada dəhlizdə Vidadi İsmayılovun əmisi Vaqiflə görüşdük, məhkəmə zalına keçəndə onun qızı Aytən və anası Tamaranı gördük. Aytən məni görən kimi heç nə demədiyim halda ünvanıma nalayiq küçə söyüşləri ilə söydü”.

“Atasına əhəmiyyət vermədə məni söydü”

Təqsirləndirilən şəxs qeyd edib ki, Aytən İsmayılova onu təhqir edib: “Üstümə hücum çəkdı, məni prokurorun vasitəsi ilə tutduracağı ilə hədələdi. Sonra anası Tamara da Aytənə qoşuldu, məni söydü, təhqir etdi, Məqsudənin qolundan vurdu. Səs-küyə görə hakim Aytəni, Tamaranı və Məqsudəni zaldan çölə çıxartdı.

Aytən zaldan çölə çıxandan sonra mənə tərəf gəldi. Vaqif Aytəni “sakit ol, məni biabır edirsiniz” dedi. Aytən atasına əhəmiyyət vermədə məni söydü. Aytənə heç bir cavab vermədim”.

“İradlarımdan nəticə çıxarmadı”

Nihad Həmidzadə qeyd edib ki, Aytən onu söyə-söyə məhkəmənin dəhlizində gözətçi otağına keçib: “Aytəni sakitləşdirmək üçün həmin otağa yaxınlaşdım, onun qolundan tutaraq “bəsdir məni və ailəmi söydün, mən sənə nə etmişəm, məni söyüb təhqir edirsən” deyə bildirdim. Aytən məni söyməyə davam etdi. Ona başqa heç nə demədim.

Vaqif Aytəni itələyə-itələyə otaqdan çölə çıxardı. Səs-küyə ora polis əməkdaşı, gözətçi gəldi. Onlar Aytəni sakitləşdirərək yola saldılar”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aytən İsmayılova bildirib ki, əmisi Vidadi İsmayılov 1984-cü ildə rəsmi qaydada Məqsudə Quliyeva ilə ailə həyatı qurub, 1992-ci ildə onlar rəsmi qaydada boşanıblar: “Bundan sonra onlar hərəsi öz həyatını yaşamağa başlayıb. Məqsudə Quliyevanin əmimdən heç bir övladı olmayıb. Hazırda Məqsudə Quliyeva əvvəllər qonşumuz olmuş Nahid Həmidzadə ilə ailə həyatı qurub”.

Aytən İsmayılovanın sözlərinə görə, 2003-cü ildə onların xəbəri olmadan, əmisi sonsuz olduğu halda guya Məqsudə Quliyevanın ondan olan qızı Lalə İsmayılovaya aliment ödənilməsi barədə məhkəmə qətnamə çıxarılıb: “Qətnamə icra olunmadığı üçün 4 aprel 2018-ci il tarixdə ləğv edildi. Həmçinin Lalə İsmayılovanın əmimin qızı olması barədə atalıq faktı ləğv olundu. Bu məhkəmə mübahisələrindən sonra aramızda narazılıqlar baş verdi.

Məhkəmə qətnamələrindən Məqsudə Quliyevanın apelyasiya şikayəti verməsi səbəbindən 5 mart 2018-ci il tarixdə anam Tamara ilə Sumqayıt Apelyasiya Məhkəməsinə getdik. Atam Vaqif əmim Vidadinin qəyyumudur, etibarnamə əsasında isə əmimin qanuni nümayəndəsi olduğundan məhkəmə proseslərində iştirak edir”.

“Atam-anam məni Nahidin əlindən güc-bəla ilə aldı”

Aytən İsmayılova qeyd edib ki, saat təxminən 11.15-də məhkəmə zalına girəndə yer olmadığından çölə çıxıb: “Çölə çıxanda dəhlizdə atam Vaqif, Məqsudə və Məqsudənin əri Nahidin dayandığını gördüm. Məqsudəyə: “Bizdən nə istəyirsən, biabır olmaq istəyirsən? Bu barədə artıq hamı bilir, utanmırsan?” deyə söylədim.

Bu sözü eşidən Nahid məni nalayiq söyüşlərlə söyüb təhqir elədi, üstümə hücum çəkdi. Atam Vaqif, anam Tamara məni Nahidin əlindən güc-bəla ilə aldı”.

Zərərçəkmişin ifadəsinə görə, Nahid Həmidzadənin hərəkətindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edəcəyini deyib: “Nahid bunu eşidən kimi lap azğınlaşdı, məni orada olan tanımadığım şəxslərin yanında ucadan nalayiq küçə söyüşləri ilə təhqir etdi, yenidən üstümə hücum çəkdi.

Nahidin məni pilləkənlərdən itələyərək yerə yıxmasından ehtiyatlandığımdan 2-ci mərtəbədə olan balaca otağa girdim. Nahid də arxamca həmin otağa girdi, əlləri ilə boğazımdan tutaraq boğmağa başladı. Sonra dizi ilə baldır nahiyələrimdən vurdu.

Nahidin məni döyməsini görən, sonradan adını bildiyim gözətçi Əli, atam, anam, vəkil Fariz, tanımadığım şəxslər və polis əməkdaşı bizi sakitləşdirdi. Bundan sonra 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”.

İslah cəzası

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Nahid Həmidzadə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Nahid Həmidzadə apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Zərərçəkmiş Aytən İsmayılova da hökmdən narazı qalıb və təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin şikayətləri təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov