7 Yanvar 2020 14:47
3 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda pul borcu üstündə qanlı cinayət törətməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Samir Hacıyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Samir Hacıyev 1 aprel 2018-ci il tarixdə saat 18 radələrində tanışı Nahid Əhmədova zəng edib.

O, Nahid Əhmədova bir nəfərdən pul alacağını, həmin pulu borclu olduğu 7600 manatın bir hissəsi kimi ona verəcəyini bildirib, birlikdə Abşeron rayonunun Hökməli kəndindəki digər tanışının yanına getməyi təklif edib.

Onlar razılaşdıqdan sonra yolüstü bəzi ərzaq məhsulları və bir şüşə araq alıblar. Birlikdə Əhmədağa Nəcəfovun Hökməli kəndində qarovulçu kimi yaşadığı fərdi yaşayış evininin zirzəmisinə gəliblər.

Orada birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər. Həmin vaxt Əhmədağa Nəcəfov sərxoş olaraq yatıb.

Bundan sonra Samir Hacıyev stolun üstündəki mətbəx bıçağını götürüb bayıra çıxıb, geri qayıtdıqda heç bir əsaslı səbəb olmadan “kimi söyürsən” deyib, bıçağı Nahid Əhmədovun döş qəfəsinə sancıb. Daha sonra zirzəmidən çıxıb, təxminən 20 dəqiqə sonra geri qayıdıb.

Bu vaxt qan içində çabalayan Nahid Əhmədovun xəstəxanaya aparılması üçün ona yalvarmasına baxmayıb, bıçağı “qurbanı”na dirəyərək üstünü axtarıb, pul tələb edib.

Samir Nahidin kürək nahiyəsindən daha bir bıçaq zərbəsi vurub, cibindən 400 manatı götürüb.

Bundan sonra Nahid Əhmədovun baş nahiyəsinə təpiklə vurub, hadisə yerini tərk edib.

Nahid Əhmədova vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Samir Hacıyev həbs edilib.

İstintaq orqanı tərəfindən Samir Hacıyevin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Hacıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Samir Hacıyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Samir Hacıyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Samir Hacıyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 11 ilə endirilib.

Bu qərardan narazı qalan Samir Hacıyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti Samir Hacıyevin kasasiya şikayətini təmin etməyib.


Müəllif: Hacı Zeynalov