Qax rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Aydın Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Qaşqaçay kənd sakini Aydın Babayev Qax şəhərindəki avtovağzal ərazisində kafedə həmkəndlisi Azad Əmrahovun təklifi ilə həmkəndliləri Bağçalı Bəbişov və Feyzullah Bəbişovla yemək yeyib, spirtli içki içiblər.
Aydın Babayev daha sonra Azad Əmrahov və Bağçalı Bəbişovla birlikə Qaşqaçay kəndinə, “Durma gəl” kafesinə gəliblər. Orada da spirtli içki içiblər.
Azad Əmrahov sərxoş vəziyyətdə bir neçə dəfə nalayiq ifadələr işlədərək onlarla bir masada əyləşən Bağçalı Bəbişovu söyüb. Bağçalı mübahisə baş verməməsi üçün onlardan ayrılıb və kafeni tərk edib. Aydın Babayev Azad Əmrahovla təklikdə qalıb.
Bundan sonra Aydın Babayev Azada söyüş söyməməsi, nalayiq ifadələr işlətməməsi barədə irad tutub. Azad hərəkətlərini davam etdirib.
Kafedə işləyən və hesabı almaq üçün masaya yaxınlaşan Elxan Hüseynov 6 manat qalıq pulu qaytararkən Aydın Babayev Azad Əmrahovla kimin harada pul xərcləməsini aydınlaşdırmaq istəyib.
"İçki məclisi qurmağı təklif etdi"
Onlar mübahisələrini kafedən çıxaraq torpaq yolda davam etdiriblər, əlbəyaxa olublar. Aydın Babayev qisas almaq üçün Azad Əmrahovu öldürmək niyyətinə düşüb. Daş parçası ilə vuraraq onu öldürüb.
İstintaq orqanı tərəfindən Aydın Babayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Aydın Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, hadisə baş verən günü evdə təmir işləri aparmaq üçün boya almaq məqsədi ilə Qax şəhərinə gedib: “Yarmarkanın yaxınlığındakı çayxanada həmkəndlilərim Bağçalı və Azadın çay içdiklərini gördüm. Birlikdə çay içdik. Azad işlərini qurtardıqdan sonra birlikdə içki məclisi qurmağı təklif etdi. Razılaşdıqdan sonra hərəmiz öz işimizin arxasınca getdik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, təmir işləri üçün lazımi avadanlıq aldıqdan sonra avtovağzal ərazisindəki kafeyə gəlib: “Kafedə Bağçalı ilə çay içdiyim zaman Azad zəng etdi. Kafedə olduğumuzu söylədim. Azad və sonradan Bağçalının əmisi oğlu da yanımıza gəldi. Birlikdə yemək yeyib, litryarım araq içdik”.
"Dava-dalaş olmadı"
Aydın Babayev bildirib ki, həmin hesabı Bağçalının əmisi oğlu Feyzullah ödəyib: "Bundan sonra kafedən çıxaraq Azad və Bağçalı ilə birlikdə taksidə Qax rayonunun Qaşqaçay kəndinə gəldik. Kəndin girəcəyinə çatdıqda yenidən yeyib-içmək qərarına gəldik. "Durma gəl" kafesinə yollandıq. Evi təmir etmək üçün aldığım ləvazimatları kafedə işləyən tanışım Elxanın maşınına qoydum.
"Durma gəl" kafesində oturaraq spirtli içki qəbul etdikdən sonra Azad nalayiq sözlərlə Bağçalını təhqir etməyə başladı. Mübahisənin qızışdığını görərək Bağçalıya getməyi işarə etdim. Bağçalı da masadan qalxaraq, məclisini tərk elədi.
Bundan sonra Azada nalayiq söyüşlər işlətdiyinə görə iradımı bildirsəm də, həmin vaxt aramızda heç bir dava-dalaş, mübahisə baş verməyib".
"Məni boğmağa başladı"
Aydın Babayev qeyd edib ki, hesabı verib, eyni zamanda Azad sərxoş olduğu üçün ondan aralanaraq ayaqyoluna getmək üçün masadan qalxıb: “Ayaqyolundan qayıdanda Azadla qarşılaşdım. O, söyüş söyə-söyə üsütmə gəldi və məni yerə yıxaraq boğmağa başladı. Boğulmamaq üçün Azadı üzərimdən kənara itələdim. Ayağa qalxaraq arxama baxmadan qaçdım. Çünki Azad məndən xeyli canlı və cüssəli idi. Mənə xəsarət yetirəcəyindən ehtiyat etdim. Həmin zaman Azadın ölməsindən və ya hər hansı şəkildə xəsarət almasından xəbərim olmayıb. Sonra üst-başımı təmizləyərək kafedə işləyən Elxandan məni evə aparmasını xahiş elədim”.
"Qisas almaq niyyətim olmayıb"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Elxan onu evlərinə aparıb: "Evə çatdıqda Elxanın mobil telefonuna zəng gəldi. Elxan mənə Azadın öldüyünü söylədi. Onun ölməsindən belə tutmuşam. Sonradan polis əməkdaşları gələrək məni şöbəyə apardılar. Azadla yaxın münasibətlərim olub, həmişə bir yerdə oturub yeyib-içmişik. Azadı nəinki qisas almaq niyyəti ilə öldürmək, ona heç xəsarət yetirmək niyyətim də olmayıb.
Azad alkoqollu içki qəbul etdikdə aqressiv olmasına baxmayaraq, ayıq vaxtı tamamilə səmimi, dostlarının, tanışlarının xeyrinə-şərinə can yandıran adam idi".
Təqsirləndirilən şəxs Azad Əmrahovu öldürmədiyini bildirib: "Baş verənlərə görə olduqca peşmançılıq hissi keçirirəm. Eləcə də mərhumun dəfn xərclərinə imkanım çatdığı qədər, yəni 2000 manat məbləğində köməklik göstərmişəm".
"Azad dedi ki, məni gözləmə"
Zərərçəkmiş şəxsin hüquqi varisi Leyla Əmrahova bildirib ki, əri Azad özünə paltar almaq üçün Qax şəhərinə gedib: "Həmin gün günorta xörək bişirib Azadı gözlədim. Gəlməyəndə ona zəng etdim, harada olduğunu soruşdum. Dedi ki, məni gözləmə.
Günortadan sonra yenə zəng vurdum, evdə qonaq gözlədiyimiz üçün tez gəlməsini xahiş etdim. Azad zəng vuraraq, qonaqların gəlib-gəlmədiyini soruşdu. Dedi ki, nəsə lazımdı, alıb gətirim. Bildirdim ki, gələndə yumurta və konfet al.
Azad mənimlə danışandan sonra telefonu söndürmədi. Bu səbəbdən də telefonda gələn səslərdən Azadın yanında Afər və Aydın adlı şəxslərin də olduğunu bildim.
Həmçinin telefondan gələn səslərdən Aydının Xəlil adlı şəxsə söyüş söydüyünü eşitdim. Təxminən 10-15 dəqiqə telefona qulaq asdım. Sonra əlaqə kəsildi. Həmin gün Azadın öldüyünü eşitdim”.
On iki il cəza və şikayət
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını təmin edib. Aydın Babayevdən 1605.6 manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar qəbul edilib.
Hökmdən Aydın Babayevin vəkili apelyasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsin barəsində çıxarılan hökmün dəyişdirilməsini və müdafiə etdiyi şəxsə həbs olmayan cəzanın verilməsini istəyib.
Bir müddət əvvəl Şəki Apelyasiya Məhkəməsində Aydın Babayevin şikayətinə baxılıb. Həmin vaxt məhkəmə kollegiyası Aydın Babayevin şikayətini qismən təmin edib və onun əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib. Məhkəmə Aydın Babayevin cəzasını 3 ilə endirib.
Həmin qərardan narazı qalan dövlət ittihamçısı kasasiya protesti, zərərçəkmiş tərəf isə kasasiya şikayəti verib. Tərəflərin şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim kollegiyası Şəki Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Şəki Apelyasiya Məhkəməsində bu dəfə işə hakim Rövşən Rəfiyev baxıb. Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Aydın Babayevin apelyasiya şikayəti yenə də qismən təmin olunub.
Prokuror şikayət etdi, amma hökm dəyişmədi
Bu məhkəmə kollegiyası da Aydın Babayevin əməlini Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilib və onun cəzasını 3 ilə endirilməsi barədə yenidən qərar qəbul edib.
Bu qərardan narazı qalan prokuror yenə də kasasiya şikayəti verib. Prokuror Şəki Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, Aydın Babayevin cəzasının ağırlaşdırılmasını istəyib.
Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə kasasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Məhkəmə prokurorun protestini təmin etməyib.