14 Yanvar 2020 12:42
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində ötən ayın 26-da Badamdar qəsəbəsində yerləşən K.Əliyevə məxsus evdən seyfi sındıraraq içərisindən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Biləsuvar rayon sakini Mahir Abbasov, əmisi oğlanları Tural Abbasov, Bəhruz Abbasov, Masallı rayon sakinləri Elmir Əsgərov və Cəfər Əlibəyli tututlublar.

Mənzildən oğurluq etmək təklifini zərəçəkənin sürücüsü Tural Abbasov verib. O, dekabr ayının 26-da ev sahiblərinin mənzildə olmayacağını bildiyi üçün Bəhruz Abbasov və Elmir Əsgərovla birlikdə həmin ünvana yollanıb. Evin yaxınlığında B.Abbasov pusquda dayanıb, T.Abbasov və E.Əsgərov isə mənzilə daxil olub. Dəstə üzvləri özləri ilə seyfi kəsmək üçün dəmirkəsən aparat aparıblar.

Hadisədən bir neçə gün əvvəl T.Abbasov evin giriş qapısının ehtiyat açarlarını götürərək onların eynisini düzəltdirib. Dəstə üzvləri mənzilə məhz həmin açarlar vasitəsilə daxil olublar.

Daha sonra dəstə üzvləri hadisə yerindən Mahir Abbasovun nəqliyyat vasitəsi ilə uzaqlaşıblar və əldə etdikləri qızıl-zinət əşyalarını Masallı rayonunda zərgərliklə məşğul olan Cəfər Əlibəyliyə satıblar. Həmin şəxs qızılların oğurluq olduğunu bilə-bilə onlardan alıb. Bu əməllərinə görə M.Abbasov və C.Əlibəyli də stintaqa cəlb ediliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər