Bakının Yasamal rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Zeynalov yanvarın 15-də saat 18 radələrində M.Şərifzadə küçəsində bir nəfərin ona məxsus “Ford” markalı avtomobildən mobil telefonunu apardığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilib.
B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Y.Müşkiyevanın çantasından bank kartı və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.
Daha bir oğurluq faktının üztü Nərimanov rayonunda açılıb. 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-dan 15-dək olan müddətdə rayon ərazisində 3 yük avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Sarıxanov və Kürdəmir rayon sakini H.Qasımov saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların daha 5 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşları trəfindən yanvarın 3-də rayon ərazisindəki evlərin birindən 300 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Ə.Həsənov saxlanılıb.