Sumqayıt şəhərində həkimi bıçaqlamaqda təqsirli bilinən Pərviz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra ifadə verən Pərviz İbrahimov özünü qismən təqsirli bilib.
İttihama görə, ötən ilin avqustun 5-də Sumqayıt şəhərində yerləşən “Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyevin bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin qeyd edilən klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Pərviz İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən Pərviz İbrahimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.