Kürdəmir rayonunda arvadını öldürməyə cəhddə təqsirləndirilən 1974-cü il təvəllüdlü Şahin Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Şahin Kərimov 13 sentyabr 2018-ci ildə, saat 10 radələrində rayon ərazisində yerləşən “Alçikin” restoranında işdə olarkən bacanağı Ərzuman Bəşirov ona zəng edib.
Ərzuman Bəşirov bacanağına arvadı Qumru Salayevanın ona xəyanət etməsi, onun qohumu Bəxtiyar Kərimovla intim əlaqədə olması barədə məlumat verib.
Bundan əsəbiləşən Şahin Kərimov Bəxtiyar Kərimovu yanına çağıraraq ondan bu barədə soruşub. Bəxtiyarın cavabı onu qane etməyib. Dəqiqləşdirmə aparmaq məqsədi ilə o, Bəxtiyar Kərimov və Ərzuman Bəşirovla birlikdə Aşıq Şakir küçəsində yaşayan qayınanası Almaz Salayevanın evinə gedib, sonuncudan arvadı barədə deyilənlərin doğru olub-olmadığını soruşub.
Almaz Salayeva deyilənləri inkar etməsinə baxmayaraq Şahin Kərimov “MİTSUBİSHİ” L-200 minik markalı avtomobillə Kürdəmir rayonu ərazisindəki “Aran” restoranına gedib. Orada spirtli içki içib və Qumru Salayevanı öldürmək qərarına gəlib. O, yaşadığı evə gedib, yataq otağında saxladığı ov tüfəngini götürüb və atəşə hazır vəziyyətə gətirib.
Şahin həmin gün saat 15 radələrində arvadının müvəqqəti yaşadığı ata evinə yollanıb. Həyətə daxil olaraq əlindəki silahı evin yanında görünməyən yerə qoyub və pilləkənlərlə eyvana qalxıb.
Bu zaman ərinin gəldiyini bilən Qumru eyvana çıxıb. Arvadını görən Şahin Kərimov dərhal pilləkənlərdən geriyə qayıdıb. Silahı qoyduğu yerdən götürərək evin eyvanında dayanmış Qumru Salayevaya 4 metr məsafədən atəş açıb.
Qolundan xəsarət alan Qumru Salayeva canını qurtarmaq üçün yataq otağına qaçıb. Qadın yataq otağında stolun altında gizlənib.
Şahin Kərimov ikinci patronu da silahın lüləsinə qoyub və Qumrunun arxasınca yataq otağında girib. O, yataq otağında stolun altında gizlənən arvadına tərəf daha bir atəş açıb.
Atəş səsinə oyanan Qumru Salayevanın anası Almaz Salayeva ona mane olmaq istəyib, kürəkənini itələyərək yerə yıxıb.
Qayınanasının bu hərəkətlərindən sonra Şahin Kərimov növbəti dəfə atəş aşmaq imkanı olmayıb.
Həmçinin Şahin Kərimov arvadının kəskin qan itirdiyini görüb və öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb.
Qumru Salayeva vaxtında Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.
Cinayəti törədən Şahin Kərimov isə həmin gün Kürdəmir rayon polis şöbəsinə gəlib. O, arvadını güllələdiyini etiraf edib və könüllü təslim olub, cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.
İstintaq orqanı tərəfindən Şahin Kərimovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Kərimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Şahin Kərimov apelyasiya şikayəti verib. O, qeyd edib ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesində verdiyi ifadələrdə həyat yoldaşını öldürmək istəməyib. Arvadını sadəcə qorxutmaq istəyib.
Həyat yoldaşını öldürmək üçün onun bütün imkanları olduğunu söyləyən Şahin Kərimov qeyd edib ki, onun məqsədi öldürmək olmayıb, bu səbəbdən bu imkanından istifadə etməyib.
Şahin Kərimovun şikayəti araşdırılıması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Şahin Kərimovun cəzası 9 ilə endirilib.