Şəmkir rayonunda dəhşətli cinayət törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Elmar Sadıqovun cinayət işi üzrə ibtidadi istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
İttihama görə, ötən il avqustun 18-də Şəmkir rayonu, Sarıtəpə kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2017-ci il təvəllüdlü Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
İstintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Şəmkir rayon sakini Elmar Sadıqov avqustun 18-i gecə saat 03 radələrində qayınatası İlqar Məsimovun evinə daxil olub, ailədaxili narazılıqlarla bağlı müvəqqəti ondan ayrılmış 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb.
Nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqov ölüb, M.Məsimova və S.Məmmədova isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar Sadıqov tutularaq istintaqa cəlb olunub.
Elmaq Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
İstintaq orqanı tərəfindən Elmar Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.