Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə narkotik vasitə heroin və əlavə olaraq narkotik vasitənin qəbulu üçün hazırlanmış bir ədəd şprisdə heroin məhlulu aşkarlanaraq götürülüb.
Mehman Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi 2 oğurluq faktı da üzə çıxıb. Belə ki, saxlanılan şəxsin 2018-ci ildə Astara rayonunun Fətəlioba kəndində Z.Dadaşovaya məxsus həyətdəki tövlədən 1800 manat dəyərində balası ilə birlikdə bir baş inəyi və bu ilin fevral ayının 1-də Ərçivan qəsəbəsində yerləşən N.Əsədullayevaya məxsus yaşayış evindən su qızıdırıcısını, qaynaq aparatı dəstini, 2 ədəd mis qazanı, laqonda və burğu aparatını, həmçinin 5 ədəd ev quşunu oğurladığı müəyyən edilib.
Oğurlanan əşyaların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.