Sumqayıt şəhərində sevgilisini öldürməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Vahid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Vahid Vəliyev əvvəllər qeyri-rəsmi nikahda olduğu Yeganə Mirzəyevanı qətlə yetirib.
Onun cinayət törətməsinə səbəb Yeganə Mirzəyevanın əvvəlki münasibətləri bərpa etməklə bağlı tez-tez onu narahat etməsi olub. Yeni ailə quran Vahid keçmiş sevgilisi ilə münasibətləri birdəfəlik kəsmək istəyib. Yeganə isə bununla razışalmayıb. Bu səbəbdən hadisə baş verən günü münasibətlərə aydınlıq gətirmək üçün Vahid Vəliyev Yeganə Mirzəyevanın yaşadığı Sumqayıt şəhəri, “Yeni Yaşayış massivi”ndə yerləşən fərdi evinə gəlib.
Bu zaman Yeganə onun özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Buna görə aralarında mübahisə yaranıb və Vahid Yeganənin qulaq nahiyəsinə yumruqla zərbə vurub. Qadın zərbənin təsirindən ölüb.
“Əvvəlki kimi onunla əlaqə saxlamadım”
Vahid Vəliyev cinayətin izlərini gizlətmək üçün meyiti idarə etdiyi “VAZ 21099” markalı avtomobilin yük yerinə qoyub və Qobu qəsəbəsinin yaxınlığında yerləşən “Qızılqaya” daş karxasının yaxınlığındakı təpədə üzərinə mişar daşları tökməklə basdırıb.
İstintaq orqanı tərəfindən Vahid Vəliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 2009-cu ildə birinci ailəsindən boşandıqdan sonra Ceyranbatan qəsəbəsində yaşayan Yeganə Mirzəyeva ilə tanış olub və onunla uzun müddət faktiki ər-arvad münasibətlərində olub: “2011-ci ildə ikinci dəfə ailə qurduqda Yeganə ilə münasibətlərimi kəsdim. Əvvəlki kimi onunla əlaqə saxlamadım. Bu müddət ərzində Yeganə dəfələrlə mənə zəng etdi, məni evinə çağırdı.
Onunla münasibətimizi davam etdirməkdən boyun qaçırdım. Yeganə rədd cavablarımı qəbul etmədi, bəzi vaxtlar hətta küçə ilə evimə qədər gəlib, məni çağıraraq narahatlığıma səbəb oldu”.
“Evimə gəl-get...”
Vahid Vəliyevin sözlərinə görə, bir dəfə ailəsi dağıldığı üçün ikinci dəfə də boşanmaq istəməyib: “Buna görə də Yeganə ilə münasibətlərimdən arvadımın xəbər tutmamasına çalışırdım. Avqustun 23-də daş karxanasında işdə olarkən Yeganə telefonuma zəng etdi. O, mənimlə təcili işi olduğunu, onlara gəlməyimi xahiş elədi.
Həmin gün, gecə 1 radələrində evə qayıdanda Yeganənin qapısının ağzında pilləkənin üstündə oturduğunu gördüm. Həyətə girdim və ondan zəng etməsinin səbəbini soruşdum. Yeganə əvvəlki münasibətlərimizi bərpa etməyi və evinə gəlib-getməyimi təklif etdi. Mən isə artıq ailəm olduğunu, görüşmək istəmədiyimi təkrarladım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Yeganə ailəsinin ünvanına nalayiq söyüşlər işlədib: “Yeganənin söyüşlərindən hiddətləndim və özümü saxlaya bilmədim. Əsəbimdən Yeganənin qulağının dibinə yumruqla bir zərbə vurdum. Zərbənin təsirindən o, pilləkəndən yıxılaraq yerdə qaldı.
Zərbədən sonra bir müddət gözlədim. Yeganənin hərəkətsiz qaldığını gördüm. Ona yaxınlaşdım və qaldırmaq istədim. Bu zaman onun tam hərəkətsiz olduğunu, nəfəsinin dayandığını hiss etdim, ağzından qan gəldiyindən öldüyünü başa düşdüm. Bərk qorxdum.
Hadisəni gizlətmək üçün Yeganənin meyitini maşına qoydum və “Qızılqaya” daş karxanasına apardım. Orada meyiti gizlətdim. Heç bir vaxt Yeganəni öldürmək fikrim olmayıb. Onu öldürməyə çalışmamışam, baş vermiş hadisə yalnız vurduğum zərbənin təsirindən Yeganənin başının yıxıldığı pilləkənin tininə dəyməsi olub”.
13 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Vəliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan Vahid Vəliyevin müdafiəçisi apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin törətdiyi cinayətə görə ittihamın dəyişdirilməsini istəyib. O, Vahid Vəliyevin əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib. Ona həmin maddənin sanksiyasından aşağı həddə cəza təyin edilməsini xahiş edib.
Cəza 3 ilə endirildi
Sumqayıt Apelyasiya Məhkəməsinin bir müddət əvvəl çıxardığı qərara əsasən, Vahid Vəliyevin şikayəti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.
Yeni hökmə əsasən, Vahid Vəliyevin əməli Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilib və ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Məhkəmə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi barədə qərar qəbul edib.
Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kasasiya protesti verib. Prokuror Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını, Vahid Vəliyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Prokurorun protestinə Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada baxılıb və protest təmin olunub. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Bu dəfə Sumqayıt Apelyasiya Məhkəməsində Vahid Vəliyevin şikayətinə hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.
Yeni hökm: 6 il cəza
Məhkəmə Vahid Vəliyevin barəsində yeni hökm elan edib. Yeni hökmə əsasən, Vahid Vəliyevin əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Vahid Vəliyevin barəsində qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs olunub.
Məhkəmənin qərarına əsasən, Vahid Vəliyevin cəzasının əvvəl 2019-cu il 17 oktyabrdan hesablanıb. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Vahid Vəliyevin və vəkilinin verdiyi apelyasiya şikayəti təmin olunmayıb.