Baş Prokurorluq Nərminin qətli ilə bağlı yayılan səs yazısı ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə müxtəlif anonim informasiyalar yayılıb.
Qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaqdır.
İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur.
Məlumat vermiş şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.
Kütləvi informasiya vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.
İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, rəsmi məlumata görə, Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.