İmişli rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Elçin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Elçin Süleymanovun atası Malik Süleymanovla həmyerliləri Əhsən Ağayev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan Malik Süleymanov və Əhsən Ağayevin mübahisəsi avtomobillərini əlverişli yerdə saxlamaq üstündə yaranıb.
Mübahisə zamanı Əhsən Ağayev Malik Süleymanovun qızı və ölmüş oğlunun ünvanına nalayiq sözlər işlədib. Bu mövzuda evdə Malik Süleymanov arvadı ilə söhbət edib.
Bu zaman Elçin Süleymanov atası ilə Əhsən Ağayev arasında olan mübahisədən xəbərdar olub. O, Əhsən Ağayevi öldürmək qərarına gəlib.
Bu məqsədlə evlərinin zirzəmisində saxladığı, özünə məxsus bıçağı götürüb və İmişli şəhəri, Zərifə Əliyeva küçəsi ilə Qadir İsmayılzadə küçəsinin kəsişməsində dayanmış Əhsən Ağayevin yanına gəlib. O, sonuncunu söhbət etmək bəhanəsi ilə 30 metr aralıda kimsəsiz və qaranlıq yerə aparıb.
Orada Elçin Süleymanov Əhsən Ağayev ilə mübahisə edib, mübahisə zamanı sonuncu onun sifətinə yumruqla vurub.
Bu vaxt Elçin Süleymanov üzərində olan bıçaqla Əhsən Ağayevin bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 13 dəfə zərbə vurub. Əhsən Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Elçin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Süleymanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, atası Kamal Ağayev apelyasiya şikayəti verib. O, Elçin Süleymanovun cəzasının ağırlaşdırılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişin hüquqi varisinin şikayəti təmin olunmayıb.