Azərbaycanda terror altı hazırlamaqda, cinayətkar birlik yaratmaqda və digər ağır cinayətlər törətməkdə ittiham olunan Firdovsi Tahirovun cinayət işi üzrə ibtidai istintaq baş çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 17-nə təyin edilib.
İstintaq orqanı tərəfindən Firdovsi Tahirovun barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq törətmək), 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq törətmək), 214.2.6-cı (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.1-ci (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə) maddələri ilə ittiham elan edilib.