14 Fevral 15:47
385

Ağcabədi rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Poladlı və Kəhrizli kəndləri ərazisində suvarma idarələrinə və kənd sakinlərinə məxsus ümumilikdə 24 subartezian və artezian quyularından elektrik naqilləri, habelə 1 mağazadan 350 manat, tütün məmulatı və 1 həyətyanı sahədən inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Savalanov saxlanılıb.

Bundan başqa, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Nəticədə rayonun Çaxırlı kəndi ərazisində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sultanov Bəhlul Bəhram oğlu və Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Abbasov Vüqar Tahirmirzə oğlu saxlanılıb.

Əməliyat zamanı B.Sultanovun idarə etdiyi 90-GR-062 dövlət nömrə nişanlı KİA markalı avtomobilə baxış keçirilən zaman külli miqdarda, yəni, təxminən, 2,8 kiloqram narkotik vasitə olan heroin, 835 qram metefatamin aşkar edilib.

Daha bir əməliyyat İsmayıllıda keçirilib.

İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Minkə kənd sakini Səbuhi Həsənovdan “İJ-18”, Aşağı Zərnava kənd sakinləri-Zinhar Allahverdiyevdən “İJ”, Qədir Adıgözəlovdan “Tula”, Elçin Pənahovdan “TOZ-63” , Yenikənd kənd sakinləri Bəxtiyar və Sədri Bəbirovların hərəsindən 1 ədəd “TOZ-63” markalı müvafiq sənədləri olmayan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov