14 Fevral 2020 16:03
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda silsilə adam oğurluğunda ittiham olunan Emin Əliyev və Asim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə müdafiəçilər cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət veriblər.

Buna səbəb kimi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması göstərilib.

Məhkəmə cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edib.

İttihama görə, ötən ilin mayında Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarov oğurlanıb. Bildirilir ki, hadisə borc üstündə olub.

Yasin Bəxtiyarovu borclu olduğu şəxslər oğurlayıblar. Onun həmin şəxslərə 10 min manat məbləğində borcu olub.

Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını deyib. Üç silahlı şəxs onu avtomobilə oturdaraq naməlum istiqamətə aparıb. Onlar borclunun anasından 10 min manat tələb ediblər. Qadın cinayətkarlara yalnız 8000 manat verə bilib.

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.

Məlum olub ki, saxlanılan şəxslər Yasin Bəxtiyarovun anası Səbirə Bəxtiyarov ilə telefon vasitəsi ilə əlaqə saxlayılbar. Oğlunun buraxılması müqabilində anadan pul tələb ediblər.

Bu səbəbdən Səbirə Bəxtiyarova da oğlu ilə birlikdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq araşdırması zamanı dəstə üzvlərinin daha bir neçə oğurluq faktı üzə çıxıb.

Belə ki, onlar Ceyhun Seyidov, Rəfi Əliyev və Rəfail Kərimlinin oğurlayaraq, onların ailə üzvlərindən pul aldıqdan sonra hər üç şəxsi sərbəst buraxıblar.

İstintaq orqanı tərəfindən Emin Əliyev və Asim Quliyevin barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər