25 Sentyabr 2014 15:02
2 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkil Kamandar Nəsibovun barəsində ittiham hökmü çıxarılsa da, onun vəkillik fəaliyyətinin dayandırılması məsələsinə baxılmayacaq.

Bu barədə Teleqraf.com-a Vəkillər Kollegiyasının rəyasət heyətinin üzvü İradə Cavadova bildirib.

İradə Cavadova deyib ki, Kamandar Nəsibov Qaradağ rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib: “Buna görə də Kamandar Nəsibovun barəsində olan ittiham hökmündən Vəkillər Kollegiyasının rəyasət heyətinə hər hansı bir şikayət olunmayıb. Kamandar Nəsibov apelyasiya şikayəti verib və buna görə də Apelyasiya Məhkəməsinin qərarı yoxdur. Belə olan halda Kamandar Nəsibovun məsələsinə baxıla bilməz”.

İradə Cavadova onu da əlavə edib ki, Vəkillər Kollegiyasının rəyasət heyəti iki ayda bir dəfə toplanır. Bu yaxınlarda rəyasət heyətinin toplandığını deyən vəkil əlavə edib ki, Kamandar Nəsuibov rəyasət heyətinin üzvü olsa da, o, iclaslarda iştirak etmir.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsində həbsdə olan kriminal avtoritetə telefon keçirməkdə təqsirli bilinən məşhur vəkil Kamandar Rəfi oğlu Nəsibovun məhkəməsi başa çatıb. Hakim Rufan Mürəslovun sədrliyi ilə keçirilən prosesdə Kamandar Nəsibovun barəsində ittiham hökmü çıxarılıb. Məhkəmənin hökmü ilə Kamandar Nəsibova cərimə cəzası kəsilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib.

Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb. Nadir Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Kamandar Nəsibovun barəsində Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər