Xaçmaz rayonunda qonşusunu öldürməyə cəhddə ittiham olunan 1982-ci il təvəllüdlü Elman Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Elman Şirəliyevin Xaçmazda qonşuluqda yaşadığı İnqilab Bayramovla mübahisəsi yaranıb. İnqilab Bayramov onun ünvanına nalayiq söyüşlər söyüb.
Daha sonra onların arasında əlbəyaxa dava olub. Elman Şirəliyev dəmir parçası ilə İnqilab Bayramova müxtəlif dərəcəli bədən xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Elman Şirəliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Elan olunmuş ittiham üzrə o, özünü təqsirli bilib. Bildirib ki, ailəsi ilə Xaçmaz şəhərində valideynlərinin yanında yaşayır, rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada fəhləlik edərək ailəsini dolandırır: “İnqilabı qonşu kimi tanıyıram. Münasibətlərimiz həmişə yaxşı olub. Aramızda heç bir narazılıq, yaxud dava-dalaş olmayıb. Hadisə günü işdən evə qayıdarkən yaşadığımız Xaçmaz şəhəri, M.Maqomayev küçəsinin başında 2-3 nəfərin dayanaraq ucadan söyüşlə danışdıqlarını eşitdim. Ətraf qaranlıq olduğundan əvvəlcə həmin şəxsləri tanıya bilmədim. Buna görə onlara yaxınlaşdım. Çatanda həmin şəxslərin arasında qonşum İnqilabı tanıdım. Ona yaşadığımız məhlədə dayanaraq söyüş söyməyi irad tutdum. Cavabında İnqilab mənim ünvanıma xoşagəlməz ifadələr işlətdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, İnqılabın kobud cavabı ona pis təsir edib: “Bu səbəbdən ona yaxınlaşdım. İnqilabın yanında olan tanımadığım 2-3 nəfər oradan aralanaraq getdilər. İnqilabın dostu olduğunu sonradan bildiyim Nəriman Orucovsa qaldı. Söyüş söyməsinə baxmayaraq İnqilabı sakitləşdirib başa salmaq məqsədi ilə bir qədər kənara çəkmək istədim. Aramızda mübahisə baş verdi. O mənə hücum etdi və biz əlbəyaxa olaraq hər ikimiz yerə yıxıldıq.
Yerə yıxılanda İnqilabın yerdən daş götürərək məni vurmaq istədiyini hiss etdim. Buna görə də sağ dizimin altında qalaraq ayağıma batan dəmir parçasını götürdüm və qorxutmaq məqsədi ilə İnqilabın sağ tərəfindən bir dəfə vurdum. Bu zərbədən İnqilab qışqırdı. Nəriman bizə yaxınlaşdı.
Aralanmaq istəyəndə qardaşım Seyfəddin yanımıza gəldi və məni aralayaraq oradan uzaqlaşdırdı. Qardaşım Seyfəddindən gecə vaxtı küçədə nə gəzdiyini soruşdum. Seyfəddinin də həmin vaxt yaxınlıqda olmasını və səs-küy eşidərək ora gəldiyini başa düşdüm. Qardaşıma əsəbləşərək, onu evə göndərdim”.
Elman Şirəliyev qeyd edib ki, şalvarının cibinə əl atdıqda siqaretinin harasa düşərək itdiyini aşkar edib: “Buna görə də siqaret almaq üçün şəhərin mərkəzinə tərəf qayıtdım. Siqaret alıb Qudyalçay çayının kənarı ilə geri qayıdanda sağ ayağımın dəmir batan diz nahiyəsində möhkəm ağrılar olduğundan çayın kənarında oturdum. Siqaret çəkərək dincəldım. Təxminən iki saatdan sonra yaşadığım evə gəldim. Evə çatanda artıq səhər saat 6 radələri idi.
Evə gələndən sonra polis əməkdaşlarının evimizə gələrək mənimlə maraqlandıqlarını bildim. Paltarlarımı dəyişdim, çörəyimi yedim, Xaçmaz rayon polis şöbəsinə gedib hadisə barədə məlumat verdim. Orada mənə məlum oldu ki, hadisə vaxtı İnqilab ciddi xəsarət alıb və Xaçmaz rayon xəstəxanasına aparılıb”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Şirəliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Elman Şirəliyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Şikayət Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə şikayətin təmin olunmaması barədə qərar elan edilib.