Quba rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Həbibulla Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Həbibulla Heydərov Quba rayonu, Xucbala kəndinin mərkəzində yerləşən çayxanaya gedib.
Çayxanada dörd bakal pivə içib sərxoş olan Həbibulla həmkəndlisi Nəcəf Əkbərovun həmin çayxanada başqa həmkəndliləri ilə oturması və ona qarşı soyuq münasibət göstərək oturduğu masaya yaxınlaşıb, onunla görüşməməsindən əsəbləşib.
Bu səbəbdən yaşadığı evə gedib və mətbəx bıçağı götürdükdən sonra yenidən çayxanaya qayıdıb. O, Nəcəf Əkbərovu bayıra çağırıb, sonuncunu çayxanadan 30 metr aralıda yerləşən çinar ağacının altına apararaq orada heç bir əsaslı səbəb olmadan bıçaqla vurub.
İstintaq orqanı tərəfindən Həbibulla Heydərovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həbibulla Heydərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Həbibulla Heydərov apelyasiya şikayəti verib. O, apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə vəsatət verib. Vəsatətinin qəbul edilməsini və işinə apelyasiya instansiyasında baxılmasını, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Həbibulla Heydərovun şikayəti təmin edilməyib.