25 Fevral 2020 15:25
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov 284 qramdan artıq heroini və 26 qramdan artıq metamfetamini satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan əlavə olaraq 253 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki 2 mağazadan ərzaq və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Eyvazzadə və K.Məmmədova saxlanılıblar.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 4 avtomobildən akkumulyator, radiatorun qapağı, maqnitofon, ehtiyat təkəri və oturacaq üzlükləri oğurlaması da müəyyən edilib

Salyan rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini V.Ələkbərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 480 qram marixuana aşkar edilib.

Daha bir əməliyyat Astara rayonunda keçirilib.

Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də R.Bağırovanın içərisində 538 manat və 200 ABŞ dolları olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Həbibov saxlanılıb.

Oxşar əməliyyat Xaçmaz rayon polis şöbəsinin əməkdaşları da keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da rayon ərazisindəki evlərin birindən 800 manat dəyərində televizor, samovar və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mursaibov saxlanılıb.

Bundan əlavə Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də MMC-lərdən birinin inzibati binasındakı seyfdən 3400 manat oğurlamaqda şübhəli bilinən oranın işçisi Qacılı kənd sakini Q.Nuğayev saxlanılıb.


Müəllif: Hacı Zeynalov